METBUAT.AZ

İdman

Azərbaycanın bir taekvondoçusu

21 okt 2023 09:03

Yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan yığması Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında 2 medal qazanıb.

Metbuat.az xəbər verir ki, yığma yarışın ikinci günündə 1 qızıl və 1 bürünc mükafata sahib olub.

İlk mərhələdən azad olan Şəms Əlizadə (160 santimetr) debüt görüşündə isveçli Nazaah Valiulla ilə üz-üzə gəlib. Rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazanan taekvondoçu 1/4 finalda Barba Strjemkovskanı (Polşa) da eyni hesabla məğlub edib. O, yarımfinalda Laura Kuyaçiçlə (Bosniya və Herseqovina) qarşılaşıb və bu görüşü də aktivinə yazıb – 2:0.

Ş.Əlizadə uğurlu seriyanı finalda da davam etdirib. Serbiyalı Sanya Brkiçlə döyüşən yığma üzvü bu dəfə də hər iki hissəni qələbə ilə başa vurub. Ev sahibinə 2:0 hesabı ilə qalib gələn idmançı Avropa çempionu tituluna yiyələnib və Belqradda Azərbaycanın Dövlət himnini səsləndirib.

Yığmanın digər üzvü İlyas Hətəmli (160 sm) də fəxri kürsüyə qalxıb. O, ardıcıl olaraq Natan Degiorgio (Malta) və Dmitri Stepurenkonu (Ukrayna) 2:0 hesabı ilə məğlub edərək, yarımfinala vəsiqə qazanıb. Taekvondoçu bu mərhələdə Abubakr Şaxmaqomedovlə (AİN) üz-üzə gəlib. Hətəmli 1:2 hesabı ilə məğlub olduğundan Avropa birinciliyini 3-cü pillədə tamamlayıb.

Qeyd edək ki, Şəms Əlizadə avqustda Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilmiş yeniyetmələr arasında dünya birinciliyində gümüş medal əldə edib.


metbuat.az.