12 okt 2023 10:36
Azərbaycan nümayəndə heyəti BMT-nin İnsan Haqları Şurasının oktyabrın 11-də keçirilən 54-cü sessiyasında Fransanın bəyanatına cavab verib.
Metbuat.az xəbər verir ki, cavab bəyanatında qeyd olunub ki, Ermənistan mediasında 34 ölkənin birgə bəyanatı kimi təqdim edilmiş bəyanat əslində yalnız Fransa və Ermənistan tərəfindən səsləndirilib.
Vurğulanıb ki, Azərbaycan nümayəndə heyətinin cavab bəyanatında Fransa tərəfindən səsləndirilən əsassız iddialar rədd edilib və Fransanın Azərbaycanda gedən siyasi proseslərə müdaxilə cəhdləri qınanılıb.
Nümayəndə heyəti bildirib ki, Fransanın beynəlxalq hüququn prinsiplərinə açıq şəkildə məhəl qoymaması, Azərbaycan ərazilərinin işğalı dövründə suverenlik və ərazi bütövlüyünə dəstəklə bağlı seçici yanaşması, 30 ilə yaxın bir müddətə Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və 1 milyonda yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün, o cümlədən Ermənistandan güc yolu ilə çıxarılmış 300 min azərbaycanlının geri qaytarılması istiqamətində tərəfsiz vasitəçi kimi çıxış etməməsinə görə bu proseslərdə heç bir rolu yoxdur.
Əlavə olunub ki, Azərbaycan və region ölkələri sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üzərində işləyir və Fransaya beynəlxalq tərəfdaş, vasitəçi və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycan tərəfindən etimad sıfıra bərabərdir.
Bəyanatda BMT missiyasının iki dəfə Azərbaycanın Qarabağ bölgəsinə səfər etdiyi və xəstəxanalar, məktəblər, evlər, mədəni və dini binalar da daxil olmaqla Xankəndidəki heç bir mülki infrastruktura zərər qeydə almadığı xatırladılıb. Qeyd olunub ki, missiya Azərbaycan hökumətinin səhiyyə xidmətlərinin davam etdirilməsinə hazırlaşdığını görüb.
Azərbaycan nümayəndə heyəti bu müşahidələrin BMT QAK-ın Ermənistandakı nümayəndəliyi, həmçinin BQXK tərəfindən də təsdiqləndiyini xatırladıb.
Bəyanatda vurğulanıb ki, Azərbaycan suveren ölkə olaraq öz suveren ərazisində BMT institutları da daxil olmaqla bir sıra beynəlxalq aktorlarla birlikdə effektiv əməkdaşlıq edir.