2 okt 2023 12:39
Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq Sazişi təsdiqlənib.
Metbuat.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, sazişin məqsədi tərəflər arasında müdafiə sahəsində əməkdaşlığı təşviq etmək və möhkəmləndirmək, eləcə də Tərəflərin qəbul etdikləri hərbi əməkdaşlıq proqramlarının həyata keçirilməsi üçün praktiki çərçivəni təmin etməkdir.
Sənəddə qeyd edilib ki, tərəflər aşağıdakı sahələrdə əməkdaşlıq edəcəklər:
- hərbi təhsil, treninq və təlimlər;
- müdafiə və təhlükəsizlik siyasəti;
- sülhməramlı və humanitar əməliyyatlar;
- NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlıq;
- silahlara nəzarət və tərk-silah;
- hərbi qanunvericilik;
- maddi-texniki təminat;
- mülki-hərbi əməkdaşlıq;
- müdafiə sahəsində kibertəhlükəsizlik;
- hərbi xəritəçilik;
- hərbi tibbi xidmətlər;
- sosial, idman və mədəni tədbirlər;
- humanitar minatəmizləmə;
- qarşılıqlı maraq kəsb edən digər sahələri.
Tərəflər arasında əməkdaşlıq aşağıdakı formalarda həyata keçiriləcək:
- rəsmi səfərlər və işçi görüşləri;
- ikitərəfli danışıqlar, məsləhətləşmələr və təcrübə mübadiləsi;
- treninq və təlim tədbirlərində iştirak;
- qarşılıqlı maraq kəsb edən məlumatın mübadiləsi;
- konfrans və seminarlarda iştirak;
- mədəni və idman tədbirlərində iştirak;
- birgə razılaşdırılmış digər əməkdaşlıq formaları.
Sazişin həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar Azərbaycan Respublikası Hökuməti adından Müdafiə Nazirliyi və Gürcüstan Hökuməti adından Müdafiə Nazirliyidir. Tərəflərin səlahiyyətli orqanları Sazişin həyata keçirilməsi məqsədilə əlavə razılaşmalar və illik əməkdaşlıq planlarını imzalaya bilərlər. Səlahiyyətli orqanlarla bağlı hər hansı dəyişiklik tərəflər tərəfindən diplomatik kanallar vasitəsilə yazılı şəkildə bildirilməlidir.