23 okt 2023 16:29
Bu ilin mart və may aylarında Bakının Sabunçu rayonundakı məktəblərdən birinin qarşısında şagirdlərə əxlaqsız təkliflər edən taksi sürücüsü cəzalandırılıb.
Metbuat.az Qafqaixəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 153-cü (Əxlaqsız hərəkətlər) maddəsi ilə iş açılmış 1977-ci il təvəllüdlü Bəxtiyar Quliyevə (şərti) hökm oxunub. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə ona 3 il 3 ay müddətinə həbs cəzası verilib.
Araşdırmalar zamanı məlum olub ki, icarəyə götürdüyü “Toyota Prius” markalı avtomobillə taksi fəaliyyəti göstərən Bəxtiyar ilk dəfə martın əvvəllərində məktəbin qarşısına gəlib. O, avtomobildən düşmədən 2010-cu il təvəllüdlü şagirdi pəncərədən çağırıb, ona qeyri-etik təkliflər edib.
Növbəti dəfə o, mayda həmin məktəbin önünə gəlib və yenə maşından enmədən 2008-ci il təvəllüdlü şagirdə əxlaqsız təkliflər edib. Birinci hadisədə 13 yaşlı qız qorxaraq qaçıb. May ayında baş verən hadisə zamanı isə 9-ci sinifdə oxuyan qız qışqıraraq haray salıb və hadisə barədə yaxınlarına məlumat verib.
Bundan sonra axtarış tədbirləri həyata keçirilib və Bəxtiyar Quliyevin şəxsiyyəti müəyyən edilib.