METBUAT.AZ

Turizm

Bakıdan 33 ölkənin 66 şəhərinə təyyarə ilə getmək

19 okt 2023 16:30

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportundan 66 istiqamət üzrə 33 ölkəyə səyahət etmək mümkündür.

Metbuat.az bu barədə hava limanına istinadən xəbər verir.

Məlumata görə, Bakıdan ən çox sərnişin Türkiyənin İstanbul şəhərinə uçur. Bu ilin 9 ayında Bakı-İstanbul-Bakı marşrutu üzrə 745 mindən çox sərnişin daşınıb. İstanbulun hər iki hava limanına uçan aviaşirkətlər “Azərbaycan Hava Yolları” QSC (AZAL), eləcə də Türkiyənin milli aviadaşıyıcısı - “Türk Hava Yolları", onun aşağı büdcəli törəməsi - “AnadoluJet” və özəl aviaşirkət “Pegasus”dur.

Bakıdan 2-ci ən məhşur istiqamət yanvar-sentyabr aylarında 510 minə yaxın sərnişin daşındığı Rusiyanın paytaxtı Moskvadır. Bakıdan bu şəhərin Domodedovo, Vnukovo və Şeremetevo hava limanlarına uçuşları AZAL, Rusiyanın milli aviadaşıyıcısı - “Aeroflot”, eləcə də özəl aviaşirkətlər - “Utair” və “IrAero” həyata keçirir.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə isə sərnişinlər həm AZAL, həm də “flydubai” şirkəti vasitəsilə səyahət edə bilər. Bu ilin 9 ayında bu istiqamətdə 224 mindən çox sərnişin daşınıb. Bundan başqa, əksər sərnişinlər Bakı-Əbu-Dabi-Bakı marşrutu ilə səyahətə üstünlük verirlər. Bu istiqamətdə uçuşlar “Air Arabia Abu-Dhabi” və “Wizz Air Abu-Dhabi” aviadaşıyıcıları ilə yerinə yetirilir.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Gürcüstanın paytaxtı Tbilisiyə və əks istiqamətdə müntəzəm reysləri isə AZAL və “Georgian Wings” həyata keçirir. Azərbaycanın milli aviadaşıyıcısı Bakı-Tbilisi-Bakı marşrutu üzrə hər gün 2 dəfə reyslər yerinə yetirir. Gürcüstanın aşağı büdcəli aviaşirkəti isə müntəzəm uçuşların sayını həftədə 5 dəfəyə qədər artırmaqla hər bazar ertəsi, çərşənbə, cümə, şənbə və bazar günləri reyslər həyata keçirir.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportuna 39 xarici aviaşirkət uçuş yerinə yetirir, onlardan 17-i aşağıbüdcəli aviadaşıyıcılardır.


metbuat.az.