2 okt 2023 15:18
Azərbaycanda rəqabəti əngəlləyin sazişlərin bağlanması qadağan edilir.
Metbuat.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Rəqabət Məcəlləsinin layihəsində əksini tapıb.
Layihəyə əsasən, Azərbaycanda rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi sazişlər və uyğunlaşdırılmış hərəkətlər, o cümlədən, aşağıdakı hədəflərdən birinə və ya bir neçəsinə çatmaq məqsədilə bağlanılan kartel sövdələşmələri və uyğunlaşdırılmış hərəkətlər qadağan edilir və bağlanıldığı andan əhəmiyyətsizdir:
- alış və ya satış qiymətlərinin, yaxud hər hansı digər ticarət şərtlərinin birbaşa və ya dolayı yolla razılaşdırılması və (və ya) bununla əlaqədar məlumat mübadiləsinin aparılması;
- istehsalın, bazarın, texniki inkişafın, investisiyaların məhdudlaşdırılması və ya onlara nəzarət edilməsi;
- bazarların, o cümlədən müştərilərin, satıcıların, ərazilərin, xammal mənbələrinin, yaxud məhsulun konkret növlərinin istehsalının (satışının) öz aralarında bölüşdürülməsi;
- müvafiq bazarda tələb və təklifin həcminin əvvəlcədən müəyyənləşdirilməsi və (və ya) ona nəzarət edilməsi;
- dövlət satınalmaları, hərrac və digər müsabiqələrdə iştirak edən və ya iştirak edəcək təsərrüfat subyektlərinin və (və ya) təklif olunacaq satış (alış) qiymətlərinin onlar arasında əvvəlcədən razılaşdırılması, yaxud bu prosesə digər formada qanunsuz təsir göstərilməsi;
- digər təsərrüfat subyektləri ilə aparılan eyni və ya oxşar əməliyyatlara fərqli şərtlərin tətbiqi və bununla da onların rəqabətdə əlverişsiz vəziyyətə salınması;
- saziş iştirakçısı olmayan rəqiblərlə müqavilələrə mahiyyətinə və işgüzar adətlərə əsasən, həmin müqavilələrin predmeti ilə əlaqəsi olmayan və (və ya) onun üçün əlverişsiz olan şərtin (öhdəliyin) daxil edilməsi;
- digər təsərrüfat subyektlərinin saziş iştirakçısı olmayan bir sıra təsərrüfat subyektləri ilə kommersiya münasibətləri qurmamağa və ya müqavilə bağlamamağa sövq edilməsi;
- saziş iştirakçısı olmayan rəqib təsərrüfat subyektlərinin müvafiq bazara girişinin məhdudlaşdırılması və ya həmin bazardan sıxışdırılıb çıxarılması;
- rəqabət üçün vacib əhəmiyyəti olan müqavilələrə və ya təsərrüfat subyektlərinin birliklərinə qoşulmaqdan kollektiv imtina edilməsi.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Rəqabət Məcəlləsinin layihəsi sentyabrın 7-də Milli Məclisə daxil olub. Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 84 maddədən ibarətdir.
Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.