27 okt 2023 12:03
Gələn il büdcədən maliyyələşən təşkilatlarda maaşların ödənilməsi üçün nə qədər vəsaitin xərclənəcəyi məlum olub.
Metbuat.az xəbər verir ki, Maliyyə Nazirliyi 2024-cü ilin dövlət büdcəsinin xərclərinin iqtisadi təsnifat üzrə bölgüsünü açıqlayıb. Sənəddə qeyd edilib ki, növbəti ildə dövlət bücəsindən əməyin ödənişi üzrə 9 milyard 7,2 milyon manatın xərclənməsi nəzərdə tutulur.
Bəs, 2024-cü ildə maaşlar nə qədər arta bilər?
Gələn il əməyin ödənilməsi xərclərinə yönəldiləcək vəsaitin məbləği cari ilin müvafiq göstəricinə nisbətən, cəmi 510 milyon manat və ya 6 faiz çoxdur. Hərçənd ki, bu il üçün nəzərdə tutulan əməyin ödənilməsi fondu 8 milyard 497,2 milyon manatdır ki, bu da ötən il bu istiqamətdə xərclənən vəsaitdən 1 milyard 31,5 milyon manat çoxdur. Başqa sözlə, 2024-cü ildə əməkhaqlarının artırılması üçün nəzərdə tutulan vəsait 2023-cü ildəkindən 2 dəfə azdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə minimum əməkhaqqı 20 faiz artırılaraq 250 manatdan 300 manata, 2023-cü ildə isə 15 faiz artırılaraq 300 manatdan 345 manata yüksəlib. Bu artımlar özündən əvvəlki illərdəki inflyasiya göstəricilərinə əsasən reallaşmışdı. Belə ki, 2021-ci ildə orta illik inflyasiya 6,7 faiz olsa da, illik inflyasiya 12 faiz təşkil etmişdi. 2022-ci ildə isə orta illik inflyasiya 13,9 faiz olmuşdu.