5 okt 2023 22:32
Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Bu vəziyyətdə Rusiya nə edə bilər?
Metbuat.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında deyib.
“2022-ci ilin payızında Praqada Avropa Şurasının rəhbəri Şarl Mişelin himayəsi altında Fransa prezidenti və Almaniya kanslerinin iştirakı ilə Ermənistan və Azərbaycan liderləri bir araya gəldi. Və orada bəyanat imzaladılar, bilirsinizmi... Üstəlik, Ermənistan rəhbərləri Azərbaycan ərazisinin adını birbaşa Qarabağın da daxil olduğu kvadrat kilometrlərlə çəkiblər və qeyd ediblər ki, bir vaxtlar SSRİ-nin tərkibində olan Azərbaycan SSR-in sərhədləri çərçivəsində Azərbaycanın suverenliyini tanıyırlar. Və bildiyiniz kimi, Qarabağ da Azərbaycan SSR-in tərkibində olub.
Yəni Qarabağın statusu ilə bağlı əsas, açar məsələ mahiyyətcə həll olundu. Qarabağ öz müstəqilliyini elan edəndə heç kəs, o cümlədən Ermənistan da onun müstəqilliyini tanımadı. Doğrusu, bu mənə qəribə gəlir, ancaq qərar belə idi, onlar Qarabağın müstəqilliyini tanımırdılar. Praqada isə onlar qəbul etdilər ki, Qarabağ Azərbaycana məxsusdur. Sonra 2023-cü ilin əvvəlində Brüssel görüşündə ikinci dəfə eyni şeyi təkrarladılar.
Yeri gəlmişkən, bu barədə bizə heç kim deməyib. Bu barədə şəxsən mən mətbuatdan öyrəndim. Azərbaycan hər zaman Qarabağı öz ərazisi hesab edib. Amma Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi müəyyən etməklə öz mövqeyində keyfiyyət dəyişiklikləri etdi. Bundan sonra görüşlərin birində Prezident Əliyev mənə yaxınlaşdı və dedi: “Görürsən, hamı tanıdı ki, Qarabağ bizimdir. Sizin sülhməramlılarınız bizim ərazimizdədir”...
Baxın, Qarabağın Azərbaycanın tərkibində statusu müəyyən edildikdən sonra hətta sülhməramlılarımızın statusu da keyfiyyətcə dəyişdi.
O, (Əliyev – red.) deyir ki, sizin ordunuz bizim ərazidədir, gəlin, ikitərəfli əsasda qərar verək. Baş nazir Paşinyan təsdiqlədi: “Bəli, indi ikitərəfli əsasda danışıqlar aparmaq lazımdır”. Yəni Qarabağ getdi.
Qarabağın statusu ilə bağlı nə istəsəniz, deyə bilərsiniz. Amma Qarabağın statusu ilə bağlı əsas sual bu idi, hər şey onilliklər ərzində bunun ətrafında olub: onun statusunu necə, nə vaxt, kim müəyyənləşdirəcək. Vəssalam! Ermənistan onu həll etdi - Qarabağ rəsmən Azərbaycanın tərkibinə daxil oldu. Bu, müasir Ermənistan dövlətinin mövqeyidir. Yaxşı, biz nə edək?...
Yaxın keçmişdə baş verən hər şey, Laçın dəhlizinin bağlanması və s. bütün bunlar Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasından sonra qaçılmaz oldu. Azərbaycan öz konstitusiyası çərçivəsində orada konstitusiya quruluşunu nə vaxt və hansı yolla quracağı artıq zaman məsələsi idi. Yaxşı, nə deyə bilərsən ki? Buna başqa necə reaksiya vermək olar? Ermənistan tanıdı, amma biz nə edək, “yox” deyək, tanımırıq? Bu ki nonsesdir!
İndi bu barədə danışmayacam, hesab edirəm ki, müzakirələrimizin incəliklərini bildirmək düzgün olmazdı, lakin son günlər və həftələrdə baş verənlər Praqa və Brüsseldə edilənlərin qaçılmaz nəticəsi idi.
Ona görə də cənab Mişel və onun həmkarları o vaxt Ermənistanın baş nazirini belə bir addım atmağa inandıranda - yəqin belə olub, mən dəqiq bilmirəm - birlikdə düşünməli idilər Qarabağ ermənilərinin taleyini: heç olmasa, gərək Qarabağ ermənilərini bu vəziyyətdə nələr gözlədiyini, Qarabağın Azərbaycana inteqrasiyası üçün hansı prosedur olduğunu, təhlükəsizliyin təmin edilməsi və hüquqlarına hörmət edilməsi üçün hansısa prosedurun olduğunu yazaydılar.
Amma orada heç nə yoxdur. Orda yalnız bu bəyanat var ki, Qarabağ – Azərbaycanın tərkib hissəsidir. Vəssalam! Ermənistanın özü belə qərar veribsə, biz nə etməliyik?”