19 okt 2023 11:18
Xəbər verdiyimiz kimi, oktyabrın 18-də Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə “Muğan Bank” ASC-yə müvəqqəti inzibatçının təyin olunması ilə əlaqədar “Muğan Bank” ASC-nin idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.
Bankın bağlanma səbəbləri barədə danışan millət vəkili Vüqar Bayramov bildirdi ki, 1 sentyabr 2023-cü il tarixinə olan məlumata görə, aktivlərin həcminə görə Muğan Bank Azərbaycanda fəaliyyət göstərən 24 bank arasında 16-cı sırada olub. Bankın aktivlərdə azalma faizinə görə ən pis göstəriciyə malik olduğunu qeyd edən millət vəkili qeyd etdi ki, bu ilin ilk 9 ayında 3 bank zərərlə işləyib ki, 1 milyon 287 min zərəri qeydə alınan Muğan Bank həmin müddətdə mənfəətə həsrət qalan 3 bankdan biri olub:
“Mərkəzi Bankın açıqlamasında bankın ümumi kredit portfelinin həcmi açıqlanmayıb. Bununla yanaşı, baş bank bildirib ki, 2023-cü ilin III rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 milyon manat təşkil edir. Mərkəz Bank elan edib ki, bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq.
Bununla yanaşı, üçüncü rübün yekunlarına əsasən, Muğan Bankda depozitlərin həcmi 322 milyon 478 min manat olub. Əgər son 18 gün ərzində əmanət portfelində dəyişiklik baş verməyibsə o zaman Muğan Bankın 105 milyon 778 min manat sığortalanmamış əmanəti olub.
Muğan Bankın müflis olması bir daha göstərir ki, vətəndaşlarımız əmanət yerləşdirən zaman həm bankın maliyyə göstəricilərinə, həm də hesabatlığına xüsusi diqqət yetirməlidirlər. Mövcud qaydalara əsasən, məbləği 100 min manatdan çox olmayan manatla 12, xarici valyuta ilə 2.5 faizədək divident ödənilən əmanətlər sığortalanır. Bu baxımdan, əmanətləri sığortalanan paket çərçivəsində banklarda yerləşdirməklə risklərdən qoruna bilərsiniz”.
Mövzunu davam etdirən iqtisadçı-ekspert Xalid Kərimli Metbuat.az-a bildirdi ki, Mərkəzi Bankın indiki rəhbərliyi “Muğan Bank”ı sağlamlaşdırmaqdansa ləğv etməyə üstünlük verməklə bankların nazı ilə çox oynamaq fikrində olmadığını və bank sektorunda daha sağlam addımlar atmaqda qərarlı olduğunu göstərdi:
“Muğan Bank”ın sektor üçün ciddi təhlükə yaratmırdı. Bankın müştərilərinin hesablarında olan vəsaitlərin geri götürülməsi bir qədər çətin olacaq.Banklar Məcəlləsinə görə, müflisləşmə baş verərsə ilk olaraq inzibatçı, yəni Əmanətlərin Sığortalanması Fondunun vətəndaşlara ödəyəcəyi vəsaitlər geri qaytarılmalıdır. Bu isə o deməkdir ki, bankın bütün likvid resursları ödənilmiş depozitlərə istiqamətləndiriləcək”.
Xalid Kərimli hesab edir ki, bir neçə ay bundan əvvəl lisenziyası ləğv edilən “Günay Bank” ASC-dən sonra “Muğam Bank”ın bağlanması ilə şirkətlər nisbətən kiçik və etibarsız hesab edə biləcəkləri banklarla işləməkdən ehtiyat edərək məcbur olub daha iri banklara yönələcəklər. Ekspert onu da qeyd etdi ki, Mərkəzi Bank ciddi riskləri olmayan kiçik banklara qarşı sərt addımlar atmaqda qərarlıdır və yaranmış vəziyyət isə bank sektorunda təmərküzləşmənin sürətlənməsinə gətirib çıxaracaq.
Gülbəniz Hüseynli / Metbuat.az