3 okt 2023 17:28
Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi “Rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması üçün müasir strategiyalar” layihəsinin açılış mərasimi olub.
Metbuat.az xəbər verir ki, tədbirin açılışında çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media sahəsində tendensiyaların tez-tez dəyişdiyi və yeni alətlərin aktuallaşdığı rəqəmsal qloballaşma prosesləri fonunda xəbər saytlarının dinamik trendlərə uyğunlaşmasına, oxucuların marağını cəlb etmək və oxucu kütləsini saxlamaq üçün effektiv kontent və marketinq strategiyaları formalaşdırmasına zərurət yarandığını vurğulayıb.
Bildirilib ki, layihənin keçirilməsində əsas məqsəd rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması, bununla da xəbər saytlarının oxucu kütləsinin əhatə dairəsinin genişləndirilməsi, bu istiqamətdə mövcud alət və strategiyaların effektiv tətbiqinin stimullaşdırılmasıdır.
Tədbirdə çıxış edən “Albayrak” Media Qrupunun tərkibindəki “GZT” rəqəmsal platformasının baş redaktoru Doğukan Gezer layihənin müvafiq sahədə fəaliyyət göstərən media nümayəndələrinin bilik və bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda sahə üzrə mütəxəssislər, məzmun yaradıcıları, redaktorların iştirakı ilə onlayn medianın inkişafına dair qarşılıqlı fikir mübadiləsi və şəbəkələşmə imkanlarının yaradılması baxımından əhəmiyyətini qeyd edib.
Daha sonra Doğukan Gezerin təlimin ilk hissəsində “Rəqəmsal mediada xəbərin hazırlanma mərhələləri” mövzusunda rəqəmsal xəbərlərdə hekayə nəqli və diqqət cəlb edən başlıqların formalaşdırılması haqqında, Kerim Askerin “Xəbərin cəlbedici təqdim olunması: Şaquli formatda video xəbər təqdimatı” mövzusunda multimedia və interaktiv elementlərdən istifadə edilməsi və diqqət cəlb edən videoların necə seçilməsi və hazırlanması barədə, ən sonda isə Suat Özdemirin “Rəqəmsal mediada proqnozlaşdırma və təhlil” mövzusunda rəqəmsal mənbələrdən əldə edilən datanın analizi və dataya əsaslanan məzmun strategiyalarının tətbiqi istiqamətində çıxışları olub.
Qeyd edək ki, lahiyə iki gün davam edəcək və ümumilikdə 50 xəbər saytının 100-ə yaxın əməkdaşının, həmçinin bir sıra ali təhsil müəssisələri və qurumlardan olan qonaqların iştirakı ilə həyata keçirilir.