9 okt 2023 15:14
Bu ilin 17 fevral tarixində Siyəzəndə 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası törətmiş sürücüyə hökm oxunub.
Metbuat.az xəbər verir ki, rayonun Beşdam kəndində idarə etdiyi “Mercedes Vito” markalı avtomobilin “Opel” markalı avtomobillə toqquşması nəticəsində ağır qəzaya səbəb olan 39 yaşlı Vüqar Abdullayev Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə V.Abdullayev bildirib ki, hadisə qarlı-şaxtalı hava şəraitində avtomobilin sürüşməsi nəticəsində baş verib.
Məhkəmənin hökmü ilə V.Abdullayevə 4 il sürücülük hüququndan məhrum edilməklə 5 il 6 ay həbs cəzası verilib.
Qeyd edək ki, hadisə nəticəsində V.Abdullayevin sərnişinlərindən Siyəzən rayon Məşrif kənd tam orta məktəbinin müəllimləri 35 yaşlı Aygün İsmayılova və 39 yaşlı Aygün Vəliyeva vəfat edib. Həmçinin digər avtomobilin sürücüsünün anası Qənimət Hümbətova dünyasını dəyişib.
“Mercedes Vito”da olan daha 5 müəllim, eləcə də sürücülər müxtəlif dərəcəli xəsarətlər alıb.
O da məlum olub ki, hadisə vaxtı qəzaya düşən müəllimlər Sumqayıt şəhər sakinləridir. Onlar həftədə 2 dəfə Vüqar Abdullayevin avtomobili ilə Siyəzənə dərsə gedirmiş.