5 okt 2023 16:01
Bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclası keçirilib.
Metbuat.az xəbər verir ki, iclasın gündəliyinə Ali Məclis sədrinin birinci müavininin müraciətinə baxılması, “Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununda dəyişiklik edilməsi məsələləri daxil edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov gündəlikdə duran birinci məsələ ilə bağlı qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov vəzifəsindən istefası ilə bağlı müraciət edib. Müzakirə olunan məsələ ilə əlaqədar qərar layihəsi oxunduqdan sonra səsə qoyularaq qəbul edilib.
Gündəlikdə duran ikinci məsələ - “Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununda dəyişiklik edilməsi barədə bildirilib ki, Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli Konstitusiya Qanunu ilə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilib. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikasının müvafiq qanununda dəyişiklik layihəsi hazırlanıb.
Layihə ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli məlumat verib.
Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva yeni qanun layihəsi haqqında, həmçinin layihə ilə yaradılması nəzərdə tutulan müstəqil monitorinq mexanizmi və funksiyaları yenilənmiş preventiv mexanizmin həyata keçirilməsi qaydaları haqqında məlumat verib.
Qanun layihəsi səsə qoyularaq qəbul olunub.
Sonda deputatlar cari məsələləri müzakirə ediblər.
Ali Məclisin iclası işini başa çatdırıb.