16 okt 2023 12:19
11-13 oktyabr tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayevin Xorvatiya Respublikasına səfəri baş tutub.
XİN-dən Metbuat.az-a verilən xəbərə görə, nazir müavini səfər çərçivəsində 11-12 oktyabr tarixlərində Zaqrebdə keçirilən Ukraynada humanitar minatəmizləmə üzrə Beynəlxalq Donorlar Konfransında iştirak edib.
F.Rzayev konfransda çıxış edərək, ölkəmizin üzləşdiyi mina problemi və onun ağır nəticələri barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.
Səfər zamanı F.Rzayev, Xorvatiya Respublikasının Baş nazirinin beynəlxalq məsələlər üzrə müşaviri Dino Mihanoviç, Parlamentin sədr müavini Davorko Vidoviç, xarici və Avropa işləri nazirinin müavini Frano Matuşiç ilə ikitərəfli görüşlər keçirib.
Görüşlərdə Azərbaycan ilə Xorvatiya arasında münasibətlər, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri, habelə regional təhlükəsizlik və post-münaqişə vəziyyəti ilə bağlı müzakirələr aparılıb.
Səfər zamanı, Xorvatiyanın nüfuzlu beyin mərkəzlərinin nümayəndələri və ekspertlər ilə görüş keçirilmiş, görüşdə ölkəmizin xarici siyasət prioritetləri, Xorvatiya-Azərbaycan münasibətləri, bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, eləcə də azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq və reinteqrasiya işləri barədə məlumat verilib, regional vəziyyət ətrafında geniş fikir mübadiləsi aparılıb.