23 okt 2023 14:54
Xəbər verdiyimiz kimi, ənənəvi yola alternativ olaraq yaradılmış Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yeni hissəsi üçün tariflər müəyyənləşdirilib.
M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H. Z. Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib.
Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək. Avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib. Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).
Ölkədə pullu yolların perspektivləri barədə Metbuat.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradov bildirdi ki, pullu yolların salınması dünya təcrübəsində də var:
“Azərbaycanda da ilk dəfədir bu praktikanı tətbiq edirlər. “Yol hərəkəti haqqında” qanunda bu məsələ uzun illərdir öz əksini tapıb. Heç kimi məcbur etmirlər ki, həmin yoldan istifadə etsinlər. Bu sadəcə alternativ bir variantdır. İstəyən pullu yolla gedə bilər, istəməyən hal-hazırda mövcud olan pulsuz yoldan istifadə edə bilər. Hesab edirəm ki, yolun yeni hissəsi üçün müəyyən edilən tariflər normaldır. Heç kimi məcbur etmirlər ki, o yoldan istifadə etsinlər. Digər yoldan da istifadə edə bilərik. Yaxşı olardı ki, insanlar hərəkət edəndə birinci ciblərini nəzərə alsınlar, ona uyğun hərəkət etsinlər. Digər tərəfdən də nəzərə alsınlar ki, burda məcbur nəsə bir göstəriş yoxdur. Ola bilər ki, qiymət məsələsinə gələcəkdə yenidən baxılsın”.
Qeyd edək ki, bu yolda giriş-çıxış nöqtələri ilə yanaşı, sürücülərə yol boyu əlavə 4 yerdə də giriş-çıxış imkanları veriləcək. Məlumata görə, yolda radar da olmayacaq. Yəni sürücülərin sürətli və rahat hərəkəti üçün hər cür şərait yaradılacaq. Həmçinin, sürücülərin avtomobili saxlayıb ödəniş etmələrinə də ehtiyac yoxdur. Bu sistem də avtomatlaşdırılır.
Gülbəniz Hüseynli / Metbuat.az