METBUAT.AZ

Siyasət

Putinin “Valday”da Qarabağla bağlı dedikləri nəyə hesablanıb? -

6 okt 2023 11:20

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun 20-ci İllik Toplantısı çərçivəsində keçirilən plenar iclasda Rusiya sülhməramlılarının Qarabağdakı hüquqi statusu ilə bağlı məsələyə aydınlıq gətirib.

Kreml rəhbəri bildirib ki, Rusiya sülhməramlılarının hüquqi statusu yalnız 2020-ci il bəyanatına əsaslanırdı, onların missiyası yalnız atəşkəs rejiminin qorunmasından ibarət idi.


Sitat:“Azərbaycan hesab edirdi ki, buna ehtiyac yoxdur, Azərbaycansız saziş imzalamaq isə mənasız idi. Rusiya sülhməramlılarının missiyası atəşkəsin qorunmasına nəzarət etmək idi. Orada sülhməramlıların başqa hüquqları yoxdur”, - Rusiya prezidenti bildirib.

Putinin sözlərinə görə, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev ona bildirib ki, indi sülhməramlıların burada olması məsələsi yalnız ikitərəfli əsasda həll olunacaq, çünki onlar məhz Azərbaycan ərazisində yerləşirlər.

Məsələyə münasibət bildirən Azad Vətən Partiyasının sədri, siyasətçi Akif Nağı bildirdi ki, Rusiya artıq bölgə ilə bağlı Azərbaycanla razılaşdırılmış siyasət yerəcək.

“Bu gün bir çoxları düşünür ki, Rusiya bölgədə Azərbaycanın təşəbbüsü ilə gedən proseslərdə loyal qaldı. Vəziyyət erməni tərəfini də narahat edir, onları ciddi şəkildə narazılığına səbəb olub. Eyni zamanda Avropanın - Qərbin sərt təpkisin də şahidi olduq. Rusiyanın bu mövqeyi, loyallığı qarşısında hətta Avropa İttifaqı Şurasının sədri Şarl Mişel çox qeyri-etik bir ifadə işlətməkdən çəkinmədi. O dedi ki, Rusiya ermənilərə, Ermənistana xəyanət etdi. Yəni bu ifadə həddindən ağır bir ifadədir. Amma Rusiyanın öz siyasəti var, maraqları var. Valdaydakı çıxışı zamanı Vladimir Putin geniş açıqlamalar verdi. Ən incə məsələlərdən biri də Qarabağda vəziyyət, Azərbaycan- Ermənistan münasibətləri, bundan sonra hadisələr hansı istiqamətdə inkişafın olacağı ilə bağlıdır. Hesab edirəm ki, Rusiya bölgədə təkcə Azərbaycanla yox, Azərbaycan- Türkiyə Birliyi ilə razılaşdırılacaqdır”.

Akif Nağı vurğuladı ki, Putinin açıqlamalarına onların siyasətlərinə bağlı mövqedən yanaşmalıyıq. Azərbaycanın bölgədəki gücü, liderliyi ilə hesablaşdıqlarını xüsusilə ifadə edən siyasətçi xatırlatdı ki, Putin Azərbaycanla sülhməramlıların taleyini birlikdə həll edəcəyik fikirlərini bir neçə dəfə səsləndirib.


“Müəyyən qeyri-rəsmi məlumatlara görə bölgədə Rusiyanın hərbi baza qurmaq ilə bağlı söhbətlər var. İnanmıram ki, Rusiyanın burada açıq şəkildə hərbi bazasının yaradılmasına Azərbaycan razılıq versin. Sülhməramlıların, sadəcə olaraq Ermənistan prosesdən sanki kənarda qaldığına görə Azərbaycanla məsələ həll olunacaqdır. Müəyyən təhlükəli görünən məqamlar da var. Hazırda regionda müəyyən proseslər gedir. Qərb tərəfindən də təşəbbüslər və cəhdlər var. Çalışırlar ki, regiona hərbi qüvvələrlə gətirsinlər. Hətta Fransa tərəfindən Ermənistanın sürətlə silahlandırılmasından söhbət gedir. Bu vəziyyətə digər qərb ölkələrinin o cümlədən Amerikanın mövqeyi də bəlli deyil. Hazırda bir qədər qeyri-müəyyən şərait və açıqlamalar var”.

Ermənistanın bu şəkildə silahlandırıb və fəallaşdırmağa çalışmalarına səbəb kimi müəyyən planlar qurulduğunu qeyd edən Akif Nağının qənaətinə görə, regionda hələ yaxın vaxtlarda tam sabitlikdən söhbət getməyəcəkdir.

“Buna görə də Azərbaycan və Rusiyanın arasında müəyyən məsələlərdə razılaşmalar mümkündür. Amma Azərbaycan özünün suverenliyini tam şəkildə qoruyub saxlamalıdır. Azərbaycan Prezidenti elan etdi ki, son əməliyyat antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyi tam şəkildə bərpa olund. Bu mövqedən Azərbaycan geri çəkilməməlidir. Rusiya istənilən münasibət, razılaşma Azərbaycanın müstəqilliyinə, suveren hüquqlarına heç bir halda xələl gətirməməlidir”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.