METBUAT.AZ

Siyasət

QAİ Toyvo Klaarın qərəzli mövqeyini qınayıb

4 okt 2023 16:17

"Qərbi Azərbaycan İcması Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın Ermənistan mediasına verdiyi müsahibəsində yer almış qərəzli mövqeyini, xüsusilə Azərbaycanın suveren ərazilərinə “uzunmüddətli çoxmillətli və ya BMT missiyasının yerləşdirilməsi” kimi düşük fikirlərini kəskin şəkildə qınayır".

Metbuat.az, bu fikirlər Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı yaydığı açıqlamada yer alıb.

Açıqlamada, həmçinin deyilir: "T.Klaar və digər Avropa İttifaqı rəsmilərindən Azərbaycanın suveren əraziləri ilə bağlı gülünc, düşmən açıqlamalar verməməyi tələb edirik. Azərbaycanın suveren ərazilərinə hansısa missiyanın yerləşdirilməsi T.Klaar və ya digərlərinin səlahiyyətində və həddinə deyil. İkili standartların bariz nümunəsi olan Avropa İttifaqının Azərbaycana mühazirə oxumaq üçün mənəvi əsası yoxdur. Qoy T.Klaar Avropa İttifaqının təsisatlarına etnik azlıqlarla problemlərin yaşandığı Avropa İttifaqı ölkələrinə və monoetnik Ermənistana uzunmüddətli çoxmillətli və ya BMT missiyasının yerləşdirilməsi barədə tövsiyyələr versin.

Müsahibəsində gen-bol erməni sakinlərin Qarabağa qayıtmasının, onların dini, mədəni abidələrinin mühafizəsinin vacibliyini vurğulayan T.Klaarın Qərbi azərbaycanlıların Ermənistana qayıdışından, Azərbaycan xalqının Ermənistandakı mədəni irsinin qorunmasından bəhs etməməsi, Xocalı cəlladlarının saxlanılmasından narahat olması riyakarlıqdır. Xatırladaq ki, Ermənistandan qovulmuş azərbaycanlılar 30 ildən çoxdur ki, öz vətənlərinə qayıdışı gözləyirlər. Dəfələrlə etdiyimiz müraciətlərə baxmayaraq, Avropa İttifaqı bu məsələyə dair mövqeyini ictimai şəkildə bəyan etməyib.

T.Klaar “Mənim üçün Dağlıq Qarabağ məsələsi bağlı deyil” sözləri ilə Xocalı cəlladı Serjik Sarqsyanın bu günlərdə verdiyi oxşar açıqlamasını xatırladır. Avropa İttifaqı rəsmisinin diqqətinə çatdırırıq ki, özünün suverenliyini bərpa etmiş Azərbaycan üçün Qarabağ məsələsi bağlıdır və digərləri üçün bu məsələnin hələ açıq qalması yalnız onların fantaziyasının məhsuludur.

Məsələlərə etnik və dini təəssübkeşlik, Azərbaycanofobiya əsasında yanaşılması Avropa İttifaqı üçün utanc olmalıdır.

Biz Avropa İttifaqından ayrı-seçkiliyə son verməyi, insanların ləyaqətləri və hüquqları etibarilə bərabərliyi prinsipinə hörmət etməyə və Ermənistandan zorla qovulmuş azərbaycanlıların beynəlxalq mexanizm çərçivəsində, müvafiq təhlükəsizlik zəmanəti altında təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına dəstək verməyi tələb edirik".


metbuat.az.