21 okt 2023 12:29
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Marko Yankoviçin zədələndiyini açıqlayıb.
Metbuat.az Qol.az-a istinadən bildirir k, Q.Qurbanov 28 yaşlı yarımmüdafiəçinin Monteneqro millisinin heyətində zədələndiyini bildirib: "Marko Yankoviç millidə zədələnib. 1-2 həftə bizimlə olmayacaq".
Beləliklə, bu o deməkdir ki, Yankoviçin də oktyabrın 26-da "Bayer"ə qarşı Leverkuzendə keçiriləcək Avropa Liqasının oyununu buraxacağı dəqiqdir.
Lakin bu vacib matç öncəsi itki tək Yankoviç deyil.
Daha əvvəl onun həmyerlisi və adaşı - Monteneqro millisinin cinah müdafiəşiçi Marko Veşoviç də zədə alıb. 32 yaşlı futbolçu 2 ay yarımdan çoxdur ki, komandasına kömək edə bilmir. Hazırda məşqlərə başlayan Veşoviç ən yaxşı halda 15-20 günə “Qarabağ”ın oyunlarında iştirak edə bilər.
“Bayer”lə qarşıdakı matçda mərkəz müdafiəçisi Bədavi Hüseynov da komandasına kömək edə bilməyəcək. Zədəsi səbəbindən Azərbaycan millisinin Estoniya və Avstriya ilə son matçlarını da buraxan futbolçunun konkret nə vaxt yaşıl meydana dönəcəyi barədə məlumat yoxdur.
“Qarabağ”ın aparıcı futbolçularından olan Bəhlul Mustafazadə də zədəsinə görə son bir neçə vacib oyunu buraxıb. Düzdür, dünən “Turan Tovuz”a qarşı keçirilən Misli Premyer Liqasının 10-cu turunun (2:2) matçında Mustafazadə iştirak ərizəsində yer alıb. Lakin o, görüşdə meydana çıxmayıb. Ehtimal etmək olar ki, 26 yaşlı futbolçu hələlik komandasına kömək etmək üçün baş məşqçi Qurban Qurbanovun istədiyi formada deyil. Bununla belə “Bayer”lə qarşıdakı iki oyundan heç olmasa birində, eləcə də yerli çempionatın növbəti oyunlarında biz bu futbolçunu meydanda görə bilərik.
Hələlik isə “Qarabağ”ın Avroliqadakı əsas rəqibi ilə oyun öncəsi zədəlilərin azalmağa deyil, artmağa doğru getdiyini qeyd edək. Bunlar əlbəttə, komandanın əleyhinə işləyən amillərdir. Lakin onu da xatırlatmaq yerinə düşər ki, bu futbolçulardan bəzilərinin olmadığı son oyunlarda da “Qarabağ” avrokuboklarda vacib qələbələr qazanıb.