METBUAT.AZ

Ölkə

Qaz limiti ilə bağlı

20 okt 2023 13:00

Bu ilin yanvar-sentyabr aylarında SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin əhali qrupu üzrə abonentlərin 63,4%-i ( 1 597 731 abonent) aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək, 12 qəpik) keçməyib.

Metbuat.az xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.Onun sözlərinə görə, hesabat dövründə abonentlərin 32,2%-i (811 467 abonent) orta qaz istifadəsi tarifindən (1 200-2 500 kubmetr çərçivəsində, 20 qəpik) yararlanıb.

Eldəniz Vəliyev əlavə edib ki, hesabat dövründə 110 884 abonent (ümumi abonentlərin 4,4 %-i) 25 qəpiklik tarifdən istifadə edib.

“Azəriqaz” nümayəndəsi bildirib ki, 2023-cü il 01 oktyabr tarixinə İB üzrə 2 561 740 abonenet qeydə alınınb ki, bundan 2 520 082 abonent əhali sektorunun, 41 658 qeyri-əhali sektorunun payına düşüb. Bu ilin yanvar-sentyabr aylarında İB üzrə 50 479 yeni abonen qeydiyyata alınınb.

Xatırladaq ki, 2021-ci ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.


metbuat.az.