METBUAT.AZ

Ölkə

Rusiya alimləri Azərbaycanda Samur çayını

23 okt 2023 10:17

Rus alimlərindən ibarət ekspedisiya bu ilin dekabr ayında Azərbaycanda Samur çayında tədqiqat aparacaq.

Metbuat.az xəbər verir ki, bu barədə TASS agentliyinə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev məlumat verib.

Onun sözlərinə görə, bu layihə su resurslarının qorunması və iqlim dəyişikliyi ilə mübarizə üçün vacibdir:

"Bu çayın su ehtiyatlarının qorunması bizim üçün mühüm faktordur. Rusiya alimlərinin Azərbaycana ekspedisiyası gözlənilir. Hövzənin biomüxtəlifliyi, su ehtiyatları, yeraltı suların səth sularında dəyişikliklər baxımından birgə tədqiqatlar aparılacaq. Buna əsasən, layihə təkliflərini daha ətraflı şəkildə formalaşdıracağıq. Layihə iqlim dəyişikliyinə adaptasiya sahəsində, həmçinin, atmosferə buraxılan istixana qazlarının tullantılarını azaltmaq üçün vacibdir", - o deyib.

Alimlərin bundan əvvəl Samur çayı hövzəsində bu cür ətraflı ekspedisiyalar aparmadıqlarını bildirən R.Verdiyev birgə tədqiqatların təkcə Azərbaycan ərazisində deyil, həm də Rusiya ərazisində - Dağıstanda aparılacağını deyib.

Onun sözlərinə görə, son 20-30 ildə iqlim dəyişikliyi su təchizatı və kənd təsərrüfatının inkişafı şəraitinin əhəmiyyətli dərəcədə pisləşməsi, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi, quraqlıq, səhralaşma ilə nəticələnib ki, bu da ölkələrin iqtisadiyyatına və insanların həyatına mənfi təsir göstərir.

"İqlim dəyişikliyi ilə mübarizə üçün Rusiya ilə birlikdə bir sıra layihələr planlaşdırırıq. Bu layihələrin əsas məqsədləri meşələr, bitki örtüyü salmaqla, sahil mühafizə zonasını möhkəmləndirməklə, eləcə də, eroziya və səhralaşma ilə mübarizə aparmaqla su ekosistemlərini, eləcə də, hövzənin biomüxtəlifliyini qorumaqdır. Bütün bu fəaliyyətlər hövzənin iqlim dəyişikliyinə davamlılığına və su ehtiyatlarının qorunmasına səbəb olacaq", - o deyib.

R.Verdiyev bildirib ki, Samur çayının vəziyyəti bütünlükdə beş ölkənin sahillərini yuyan Xəzər dənizində suyun keyfiyyətinə təsir göstərir. O qeyd edib ki, ekspedisiya zamanı çayın sisteminin təbii yolla bərpası üzrə əldə olunacaq təcrübədən gələcəkdə bütün Xəzəryanı ölkələr yararlana biləcəklər.


metbuat.az.