METBUAT.AZ

Ölkə

Yeni yaşayış məntəqəsi yaradılır -

23 okt 2023 16:42

Oktyabrın 23-də Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının iclası keçirilib.

Bu barədə Metbuat.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Toponimiya Komissiyasının sədri, deputat İsa Həbibbəyli bildirib ki, gündəliyə Abşeron rayonunun inzibati ərazisində yeni salınmış yaşayış məntəqəsinə ad verilməsi barədə məsələ daxil edilib.

Komissiya sədri İsa Həbibbəyli Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda qazanılan tarixi qələbə, ölkə Prezidentinin Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə dövlət bayrağının ucaltması və bununla Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi ilə bağlı fikirlərini bölüşüb. O, bölgədə yaranmış yeni reallıqlar çərçivəsində işğaldan azad olunmuş ərazilərdə bir çox yer adlarının dəyişdirilməsi ilə əlaqədar məsələlərə Toponimiya Komissiyasında baxıldığını və müvafiq qərarların qəbul edildiyini söyləyib.

Komissiya sədri bugünkü iclasda müzakirəyə çıxarılan məsələnin mahiyyəti barədə danışaraq, Abşeron rayonunun inzibati ərazisində yeni salınmış yaşayış məntəqəsinə ad verilməsi ilə bağlı vətəndaşlardan müraciət daxil olduğunu bildirib. O, qeyd edib ki, müraciətdə bu yaşayış məntəqəsinə “Şəfəq” adının verilməsi təklif olunur.

İclasda Abşeron rayonunun inzibat ərazisində salınmış yeni yaşayış məntəqəsinin “Şəfəq” adlandırılması məqsədəmüvafiq hesab olunub.

Tədbirdə AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədov, parlament Aparatının müvafiq şöbələrinin əməkdaşları iştirak ediblər.


metbuat.az.