23 okt 2023 15:37
Xəbər verdiyimiz kimi, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanuna dəyişiklik ediləcək.
Milli Məclisin Elm və təhsil komitəsində müzakirələrdən sonra plenar iclasa tövsiyə olunan qanuna görə, Azərbaycanda yetkinlik yaşına çatmayanları pornoqrafiya tamaşalarında iştirak etməyə cəlb edənlər, o cümlədən, öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən valideynlər cəzalandırılacaq.
Bu sahədə görülən işlər, qanuna ediləcək dəyişikliyin mahiyyəti barədə Metbuat.az-a danışan hüquq müdafiəçisi Sahib Məmmədov bildirdi ki, hazırda azyaşlıların zərərli informasiyalardan qorunması, uşaqların mənəvi sağlamlığına ziyan vura biləcək video kontentlərə baxılmasının, onların bu işlərə cəlb olunmasının qarşısının alınması qlobal problemdir:
“Azərbaycanda azyaşlıların zərərli informasiyalardan qorunması ilə bağlı müəyyən tədbirlər görülür. Bu işlərlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məşğul olur. Qanunvericiliyin bu sahədə bunun tətbiqi çox ciddi problemdir. Xüsusən valideynlərə qarşı cinayət xarakterli cəzaların tətbiqi çox çətindir. Amma hər halda qanunvericilikdə həm inzibati, həm ağırlaşdırıcı halda cinayət məsuliyyətinin nəzərdə tutulması vacibdir. Ümumiyyətlə, ailə daxilində məişət zorakılığının qarşısının alınması qədər çətin bir problemdir”.
Məsələ barədə Metbuat.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov bildirdi ki, sənəddə mövcud qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə edilən dəyişikliklərdə daha çox yetkinlik yaşına çatanların hüquq pozuntularının qarşısının alınması əsas hədəf götürülürb:
“Əvvəlki sənədlərdə də, qanunlarda da müəyyən dəyişikliklər var idi. Amma bu dəfə bu dəyişikliklər daha konkret və daha dəqiq məsələləri əhatə edir. Sənəddə bu istiqamətdə hüquq pozuntularının qarşısının alınması nəzərdə tutulur. Ümumiyyətlə, layihə çərçivəsində yetkinlik yaşına çatmayanlarla işin qurulması, onların hüquqlarının qorunması istiqamətində dövlət qurumları davamlı olaraq müxtəlif addımlar atırlar. Bu məsələdə xüsusilə də hüquq mühafizə orqanları üzərində bir sıra məsuliyyətlərin artırılması və daha da gücləndirilməsi məsələsi qarşıya qoyulub”.
Qeyd edək ki, təklif olunan dəyişikliklə daxili işlər orqanları yetkinlik yaşına çatmayanları cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmiş, yaxud yetkinlik yaşına çatmayanlar barəsində digər qanunazidd əməllər törətmiş şəxsləri, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynləri və ya digər qanuni nümayəndələri, vəzifəli şəxsləri aşkar edir, onlar barəsində Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görəcəklər.
Gülbəniz Hüseynli / Metbuat.az
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusu üzrə dərc olunub.