METBUAT.AZ

Siyasət

"Aİ-nin ali komissarının mətbuat katibinin fikirləri onun qərəzli yanaşmasını göstərir"

17 noy 2023 23:51

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stanonun 17 noyabr 2023-cü il tarixində Brüsseldə “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı ölkəmizlə bağlı səsləndirdiyi fikirlər Avropa İttifaqı nümayəndəsinin qərəzli yanaşmasının növbəti göstəricisidir.

Metbuat.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stanonun səsləndirdiyi fikirlərə cavabında deyib.

Avropa İttifaqının nümayəndəsinin 30 il ərzində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün işğalçı və təcavüzkar Ermənistan tərəfindən pozulması, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürütməsi, 1 milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi faktlarını görməzdən gəlməsi təəssüf doğurur.

44 günlük Vətən müharibəsinin, habelə 2023-cü ilin sentyabr ayında həyata keçirilən 24 saatlıq antiterror tədbirlərinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın suveren ərazilərində həyata keçirildiyini və ölkəmizin legitim üsullarla öz suverenliyini bərpa etdiyini Aİ nümayəndəsinə bir daha xatırladırıq.

Azərbaycanın dəfələrlə ərazilərimizdə qanunsuz mövcudluğunu davam etdirən erməni silahlı qüvvələrinin bölgədə təhlükə mənbəyi olduğunu bildirməsinə və beynəlxalq hüquqa uyğun olaraq onların dərhal çıxarılmasına dair çoxsaylı çağırışlar etməsinə baxmayaraq, Aİ nümayəndəsinin Azərbaycanın birtərəfli hərbi addımlar atmaqda günahlandırılması qəbuledilməzdir.

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin şəxsi qərarları əsasında Ermənistana miqrasiyası ilə bağlı Aİ nümayəndəsinin erməni sakinlərin hüquq və təhlükəsizliyi üzrə beynəlxalq mexanizm yaradılması təşəbbüsündən söz açmasını Azərbaycanın reinteqrasiya prosesinə müdaxilə kimi qiymətləndiririk. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bu bölgədə yaşayan erməniəsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcəkdir:

"Bir daha vurğulayırıq ki, Azərbaycanın Ermənistanla normallaşma və sülh gündəliyinə sadiqliyi möhkəmdir və bu mövqe 2020-ci ilin noyabr ayından etibarən sülh müqaviləsinin təşəbbüskarı olaraq tərəfimizdən atılan ardıcıl addımlarla sübut edilib".


metbuat.az.