METBUAT.AZ

Siyasət

"Artıq Azərbaycanın və Ermənistanın vasitəçilərə ehtiyacı yoxdur" -

22 Noyabr 2023 18:21

Azərbaycan və Ermənistanın artıq vasitəçilərə ehtiyacı yoxdur.

Metbuat.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza deyib.

Hər iki ölkənin 30 ilə yaxın müddətdə vasitəçilik prosesində iştirak etdiklərini bildirən ekspert vurğulayıb: “İki ölkə elə bir səviyyəyə gəlib çatıb ki, liderlər artıq sülh istədiklərini və 5 baza prinsipində, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması barədə razılığa gəldiklərini bəyan ediblər. Bu prosesə yeganə maneə separatçı rejim və Ermənistanın qanunsuz silahlı birləşmələrinin Qarabağda mövcudluğu idi. Bu problem də artıq aradan qaldırılıb və iki ölkə liderinin sülh müqaviləsi barədə razılığa gəlməsinə heç bir maneə yoxdur”.

M.Brayza hesab edir ki, sülh müqaviləsinin tezliklə imzalanması hər zamankından daha realdır. “Mən son bir neçə aya qədər heç zaman sülh müqaviləsi barədə razılığın əldə edilməsinin bu qədər real olmasına dair açıqlama verməmişəm. Bu, indi daha çox mümkün görünür. Bu prosesi dayandıra biləcək yeganə hal Nikol Paşinyanın əleyhdarları olan radikal millətçilər, həmçinin ABŞ-da prosesin əleyhinə olan diaspor nümayəndələrinin siyasi sabotaja əl atması ola bilər”, - deyən sabiq səfirin sözlərinə görə, regional inkişaf baxımından sülh müqaviləsi çox böyük əhəmiyyətə malikdir. Metyu Brayza vurğulayıb ki, müqavilənin əleyhdarları Zəngəzur dəhlizinin açılmasının Azərbaycanın Ermənistan ərazisinə daxil olmaq cəhdləri kimi iddialar irəli sürsələr də, reallıqda bu barədə məhz Ermənistan özü 2020-ci ilin 10 noyabr tarixində razılığa gəlib. “Mən əminəm, Nikol Paşinyan anlayır ki, əgər nəqliyyat əlaqələri bərpa olunarsa və bu xətt Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirərsə, bu, nəinki Ermənistana investisiya cəlbini artıracaq, iş yerlərinin açılmasına, həmçinin iqtisadiyyatın inkişafına gətirib çıxaracaq, Ermənistan iqtisadiyyatının regional iqtisadiyyata reinteqrasiyasına şərait yaradacaq. Bu isə regionda tamamilə yeni iqtisadi dinamika formalaşdıracaq və davamlı sülhün bərqərar olmasına yol açacaq. Sülh müqaviləsi regionda bütün investisiyaları real edəcək”, - deyə o vurğulayıb.


metbuat.az.