17 noy 2023 15:44
Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında ƏSASNAMƏyə əsasən, qurumun 9 hüququ olacaq.
Metbuat.az xəbər verir ki, bunlar aşağıdakılardır:
- müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;
- müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;
- müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən zəruri məlumatların alınması barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
- beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti orqanları (qurumları) ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;
- müvafiq sahəyə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb olunması üçün aidiyyəti üzrə təkliflər vermək;
- fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;
- müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, işçi qruplar və komissiyalar yaratmaq;
- xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
- Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.