METBUAT.AZ

Ölkə

Azərbaycanın “Dəhliz diplomatiyası”:

17 noy 2023 12:51

Dünyada davam edən müharibələr, postpandemiya dövrünün problemləri iqtisadi parametrləri dəyişməklə bərabər tələblərə də ciddi təsir edir. Ölkələr arasında enerji təhlükəsizliyi, logistik infrastrukturun əhəmiyyətini bir daha ön plana çıxarıb.

Bu barədə Metbuat.az-a şərh edən iqtisadçı Fuad İbrahimov bildirdi ki,dünyada nəqliyyat infrastrukturuna malik olan ölkələr iqtisadiyyatının sürətli inkişafını təmin edə biləcək ölkələr sırasında sayılır. Azərbaycanın da həm nəqliyyat, həm logistik dəhlizləri, həm də enerji təhlükəsizliyi baxımından bir çox məsələlərdə regionda önəmli yer tutduğunu vurğulayan ekspert bildirdi ki, hazırda Asiya ilə Avropanı birləşdirən məhz Azərbaycanın dəhlizləridir:

“Çindən başlayaraq Avropa ölkələrinin bir çoxu Azərbaycanın təklif etdiyi dəhlizlərdən istifadə etməyə maraqlıdır. Mən bu mənada xüsusilə “Şimal - Cənub Nəqliyyat Dəhlizi” nin perspektivini vurğulamaq istərdim. İranla Rusiya arasında da bu xəttin vacibliyi mütləqdir. Bununla yanaşı Azərbaycan şərti olaraq Zəngəzur dəhlizinin reallaşması istiqamətində işlər aparır. Eyni zamanda Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında Araz çayı üzərindən tikintisi planlaşdırılan körpü də İran ərazisindən keçməklə Şərqi Zən­gəzur iqtisadi rayonu ilə Naxçı­van Muxtar Respublikası ara­sında inşa ediləcək. Bu da Türkiyə istiqamətində və Yaxın Şərqə çıxacaq növbəti dəhlizin formalaşmasına şərait yaradacaq”.

Rusiya və Azərbaycan 2023-cü ilin sonuna qədər Rəşt-Astara dəmir yolunun hissəsinin tikintisinə dair saziş imzalamağı planlaşdırır. Bu barədə Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousov Nəqliyyat Həftəsi forumunun plenar iclasında bildirib.

Fuad İbrahimov bildirdi ki, Şimal - Cənub Nəqliyyat Dəhlizi Azərbaycan, İran və Rusiya arasında dəmir yolu xəttinin birləşdirilməsi, eyni zamanda dəmir yolu xəttinin yaradılmasını özündə ehtiva edir:

“Rəşt-Astara istiqamətində olan dəmir yolunun bərpası birbaşa Azərbaycan Dəmir Yollarına inteqrasiya olunmaqla, Bakı üzərindən həm Qərbə, həm Şərqə yol açır. Dəmir yolunun istifadəyə verilməsi ilə Rusiya cənuba, İran isə öz ərazisindən şimala istiqamətində, eyni zamanda da şərqə və qərbə çıxışlarını rahatlıqla təmin edə biləcəklər. Layihənin dəyəri 1,6 milyard avrodur ki, onun da 85 faizini, yəni 1,3 milyard avronu Rusiya öz maliyyə imkanları ilə ödəyəcək. Yerdə qalan hissəsini isə İran maliyyələşdirəcək. Rəşt-Astara dəmir yolu Şimal-Cənub loqistika xəttinin önəmli hissəsidir. Bu layihənin gerçəkləşməsində Azərbaycanın iştirakı mütləq şəkildə vacibdir. Bakının iştirakı olmasa layihənin aktuallığı ümumiyyətlə itəcək. Hazırda ən əlverişli elastik dəhliz məhz Azərbaycan üzərindən keçib gedən yoldur”.

Ekspert qeyd etdi ki, dəmir yolunun istifadəyə verilməsi ilə ölkəmizin qeyri-neft sektorundan gələn gəlirləri artmaqla bərabər, Azərbaycanın dayanıqlı tərəfdaş kimi imicinin yüksəlməsinə səbəb olacaq.

Qeyd edək ki, İran ərazisində təxminən 150 kilometrlik məsafədə dəmir yolu xəttinin olmaması artan tranzit yük həcmlərini aşırmağa imkan vermir. İran ərazisində Rəşt-Astara dəmir yolunun inşası tamamlanacağı təqdirdə həm daşıma xərcləri, həm də zaman itkisi azalacaq. Bu infrastrukturun qurulması ilə Şimal-Cənub Dəhlizi tamamlanmış olacaq.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.