METBUAT.AZ

Siyasət

“Azərbaycanın regionda inkişafını həzm etməyən ölkələr var” –

15 noy 2023 13:44

Noyabrın 9-da Özbəkistanda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə İran prezidenti Seyid İbrahim Rəisi arasında görüş keçirilib.

Bu görüşün detalları barədə Metbuat.az-a şərhini edən siyasi şərhçi, AĞ Partiya sədr müavini, Kamran Məmmədli bildirdi ki, iki ölkənin lideri arasında baş tutan müzakirələrdə ən çox diqqət çəkən məqam hər iki ölkənin rəhbərlərin son vaxtlar İran-Azərbaycan münasibətlərinin gərginləşdirilməsində üçüncü tərəflərin əlinin olduğunu və bunun qarşısını almaq üçün sıx əməkdaşlıq etməyin lazım olduğunu bildirmələri oldu:

“Hətta bu münasibətlərin gərginləşdirilməsi üçün başqa dövlətlər tərəfindən konkret planlar, həyata keçirilən fəaliyyətlər olsa da, bu cəhdlər nəticəsiz qalıb. Azərbaycan prezidenti cənab İlham Əliyev İran-Azərbaycan münasibətlərinin gərginləşdirilməsində kimlərin maraqlı olduğu haqda daha konkret fikirlər səsləndirdi. Prezident bildirib ki, əvvəlki illərdə də biz regiondankənar qüvvələrin İranla Azərbaycan arasında dostluq münasibətlərinə müdaxilə etmək cəhdlərinin şahidi olmuşuq. Bu cəhdlər nəticəsiz qaldı. Əminəm ki, indi də düşmənlərimiz öz məqsədlərinə çatmayacaqlar. İran və Azərbaycan bundan sonra da uğurla əməkdaşlıq edəcək və münasibətləri gücləndirəcəklər.

Dövlət başçısının bu çıxında iki önəmli məqam var. Birincisi, prezident bizim İran ilə əlaqələrimizin pozulmasını istəyən ölkələri vəsf edərkən, onların bizim regiona aid olmadığına vurğu etdi. Yəni, bu Qafqaz regionuna aid ölkələrdən hansısa bir ölkə və yaxud daha konkret desək Ermənistan deyil . Bunu istəyənlər regionumuzdan kənar ölkələrdir.

İkinci maraqlı məqam isə prezidentin həmin ölkələri “düşmənlərimiz” deyə adlandırmasıdır. Onlar maraqları naminə bizi Ukraynada olduğu kimi poliqon meydançasına çevirmək istəyirlər. Çünki onlar ölkəmizin regionda inkişafını, söz sahibi olmasını həzm edə bilmirlər. Ümumiyyətlə, Prezidentin bu bəyanatları və səsləndirdiyi fikirlər bizi bir daha düşünməyə sövq etməlidir” .

Ekspert qeyd etdi ki, bəzi regiondankənar ölkələr Azərbaycanın qonşuları ilə münasibətlərinin inkişaf etməsinə mane olmaq üçün cəhdlər edirlər. Kamran Məmmədlinin qənaətinə görə, balanslı xarici siyasət yürüdən ölkəmizdə həssas məsələlərdə dövlətin maraqlarına zidd təbliğat aparanların fəaliyyəti ciddi nəzarətə götürülüb araşdırılmalıdır.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.