29 Noyabr 2023 17:30
Gec yaşda hərbi xidmətə daxil olmuş, qarışıq, yəni hım mülki, həm də hərbi stajı olan hərbi qulluqçuların əmək pensiyasına əlavələrin verilmə qaydası dəyişir.
Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif olunan dəyişikliyin birinci oxunuşda müzakirəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov bildirib.
Elnur Abbasov deyib ki, bu şəxslərin həm mülki, həm də hərbi stajları olur: “Hazırkı qanunvericilik tələb edirdi ki, minimum xidmət tələbindən sonrakı ancaq hərbi xidmətin hər ili üçün onlara əlavə 1 faiz təminat xərcliyi verək. Dəyişiklikdən sonra isə həmin şəxslərə bütün, yəni həm mülki, hərbi xidmətdə olma stajına görə 1 faiz təminat xərcliyi veriləcək. Bu da onların sosial təminatını yaxşılaşdıran addımdır”.
Qeyd edək ki, qüvvədə olan qanuna görə, hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla müəyyən edilir.
Layihəyə əsasən, yuxarıda qeyd edilən şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—50 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla müəyyən ediləcək.