22 Noyabr 2023 11:19
“Amerika Birləşmiş Ştatlarının istismarçı siyasətinin qarşısında regional əməkdaşlıqlar böyük bir əngəl kimi görünür. Amerika yaxşı başa düşür ki, Qafqazda və yaxud da dünyanın fərqli coğrafiyalarında formalaşan əməkdaşlıq platformaları gələcəkdə həmin ölkələrə qarşı həyata keçirə biləcəyi hansısa bir imperialist hücuma xidmət edən qəsd planında ortaq müqavimət formalaşdıracaqdır”.
Bu fikirləri Metbuat.az-a Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov deyib. Məhz sadalanan bu səbəblərdən ABŞ-nin Qafqazda əməkdaşlıq istəmədiyini düşünən ekspert bildirdi ki, Vaşinqton Qafqazla əməkdaşlığı gələcəkdə regionla bağlı təhlükəli plan, təhdid hesab edir:
“Bu gün Avropa İttifaqı da ABŞ -nin bu siyasətini dəstəkləyərək Ermənistandakı missiyasını gücləndirir. Bu missiyanın güclənməyinin ən böyük səbəblərindən biri həm də Ermənistan ərazilərində kiçik “Maydan ssenarisi “ həyata keçirməkdir. Çünki birinci dəfə müddətə gələn, ikinci dəfə isə artıq müddətsiz şəkildə mövcud olan Avropa İttifaqının mülki müşahidə missiyasının konkret fəaliyyət mandatının nədən ibarət olduğu hələ heç kəsə tam bəlli deyil”.
Politoloq onu da qeyd etdi ki, bu günə qədər Avropa İttifaqı Şurasının rəhbərliyi və moderatorluğu ilə keçirilən Brüssel görüşlərində əldə edilən razılaşmalar və Brüssel bəyanatları ilə bağlı Ermənistan tərəfindən faktiki olaraq praktiki addımlar atılmayıbdır:
“Amerika Birləşmiş Ştatlarının çox aqressiv şəkildə birmənalı ermənipərəst siyasət yürütməsi Ermənistanı növbəti dəfə hərbi eskalasiyaya təhrik edir. Bu addımlar Ermənistanın Azərbaycanla bağlı üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmağına səbəb olur. İrəvanın əsas məqsədi mümkün qədər Qərbin Ermənistandakı mövcudluğunu hər bir sahədə daha da dərinləşdirmək və daha sonra isə bundan istifadə edərək bölgədə yeni gərginlik ocaqları yaratmaqdır”.
Gülbəniz Hüseynli / Metbuat.az