6 noy 2023 14:14
Azərbaycan Milli Məclisində 2024-cü ilin dövlət büdcəsi zərfinə daxil sənədlərdən biri də Vergi Məcəlləsinə dəyişiklikləri nəzərdə tutur.
Layihəyə əsasən, növbəti ilin büdcə sənədləşməsinə əlavə edilmiş sənədlərə əsasən vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmalar üzrə dövlət büdcəsinə hesablanmayan məbləğlər 2023-cü il üçün 8milyard 80 milyon manat, 2024-cü il üçün isə əvvəlki il və cari ilin eyni göstəriciləri ilə müqayisədə müvafiq olaraq 731,2 milyon manat və ya 9,6 faiz, 282,0 milyon manat və ya 3,5 faiz çox olmaqla 8 milyard 362 milyon manat təşkil edir.
Dəyişiklik mikro-sahibkarların gəlir vergisinə tətbiq olunan 75 faizlik güzəştin ləğv olunmasını nəzərdə tutur.
Yeni qərarın xüsusəndə fərdi mikro-sahibkarların sahibkarlıq subyektlərinin fəaliyyətinə mənfi təsir edəcəyini deyən millət vəkili Fazil Mustafa Metbuat.az-a açıqlamasında bildirdi ki, bu kiçik sahibkarların sıxıntılarını daha da artıracaq:
“Bu sahədə şəbəkəni genişləndirə bilmədiyimizə görə xeyli problemlər var idi. Sahibkarlığın inkişafı ilə bağlı ölkə Prezidentinin apardığı siyasət uzun illərdir bu sahənin tam şəkildə dəstəklənməsinə , sahibkarların yoxlamadan azad olunmasına gətirib çıxarmışdı. Məqsəd də o idi ki, bu sahə inkişaf etsin. İndi də güzəşt qərarının ləğvinin nəticələrinin iqtisadi sahəyə rəhbərlik edən səlahiyyətli şəxslər tərəfindən araşdırılmasına ehtiyac var. Hər halda onlar bu qərarın nə üçün verildiyini əsaslandırmalıdırlar. Ümumiyyətlə biz sahibkarlığın inkişafına müsbət təsir göstərən elementləri inkişaf etdirməliyik”.
Millət vəkili qeyd etdi ki, mikro-sahibkarlığa dəstək həm də Qarabağda bu sahədə görülən işlərin inkişafı və fəaliyyətinin daha da stimullaşdırılması baxımından vacibdir:
“Hazırda Qarabağda bu proseslərin necə aparılması da müzakirə predmetidir. Ona görə də bu məsələdə bir qədər daha fərqli bir xətt izlənməlidir. Hesab edirəm ki, sahibkarlığı inkişaf etdirən amillər daha çox önə çəkilməlidir”.
Gülbəniz Hüseynli / Metbuat.az