METBUAT.AZ

Siyasət

Fransanın orta Asiyaya marağı “daşa dəydi”:

16 noy 2023 13:39

Bir neçə ay bundan əvvəl Qərbi Afrika ölkəsi Nigerdə baş vermiş hərbi çevrilişdən sonra Fransanın önəmli nüvə sənayesi üçün təchizatın təhlükədə ola biləcəyi ehtimalı artdı. Nigerdə çevrilişdən sonra hakimiyyətə gələn qüvvələr Fransaya uran satmaqdan imtina edəndən sonra elektrikə olan tələbatının 80 faizini atom elektrik stansiyalarından əldə edən Fransa uran axtarışları üçün Qazaxıstana üz tutdu.

Noyabrın birində dünyanın ən böyük uran istehsalçısı olan Qazaxıstana səfər edən Fransa prezidentinin bu səfəri uğurlu oldu.

Qazaxıstan tərəfindən edilən açıqlamalarda bildirildi ki, onlar öz mühəndislərini və yerli nüvə enerjisi sənayesini inkişaf etdirməyə çalışdığı üçün, fransızların bilik və bacarıqlarından yararlanmağa ümidlidirlər. Məsələnin ikinci tərəfi odur ki, Qazaxıstan uranının Fransaya quru yolla daşınması üçün iki – Rusiya və Azərbaycan marşrutu var. Rusiya ilə hazırda münasibətləri gərgin olan Fransanın Azərbaycanla əməkdaşlıq etməkdən başqa çıxış yolu qalmır.

Millət vəkili Arzu Nağıyev Metbuat.az-a açıqlamasından Fransanın Ermənistana silah göndərməsi faktarını xatırladaraq bildirdi ki, Parisin bu addımı həm Türkiyəyə, həm də Rusiyanın regionda sıxışdırılmasına qarşı yönəlib:


“Qərb Ermənistandan maraqları naminə istifadə edir. Ukraynanı Suriyaya çevirməyə çalışan Qərb dövlətlərinin məqsədi Ermənistanı da müstəmləkə dövlətinə çevirməkdir. Fransa bu gün Paşinyan hakimiyyətinin Rusiyanı ölkədən çıxarmaq xəttini tutduğunu, Türkiyə ilə sərhədlərin açılmasında maraqlı olduğunu da dərk edir. Türkiyə ilə sərhədlərin açılması Fransanı narahat edir, hətta təşvişə salır. Fransa nə qədər Ermənistanı silahlandırsa da özünün siyasi, iqtisadi və hərbi maraqları var. Min klometrlərlə uzaqdan gəlib burada sərhəddi qoruyan deyillər. NATO-nun üzvü olan nüfuzlu bir regional dövlətin Ermənistanla münasibətinin yaxşılaşması Fransanın nüfuzunu heçə endirir”.


Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Fransanı başqa bir problem də gözləyir:

“Qazaxıstan uranını Çin də alır. Çinin də xeyli atom elektrik stansiyası var və onların da böyük həcmdə urana ehtiyacı var. Çin Qazaxıstanın uran istehsal edən müəssisələrinə böyük yatırımlar qoyub. Çin 2012-ci ildən başlayaraq Qazaxıstanın ən böyük uran alıcısıdır. Əgər Çin həmin ilə qədər Qazaxıstandan 1750 ton uran alırdısa, sonrakı müddətdə bu rəqəm 6 dəfə artıb. Çin 2013-cü ildə Qazaxıstandan 15 min ton uran alıb. Çin Qazaxıstanın bütün uranını almağa hazırdır. Çində 37 işlək nüvə reaktoru var, 20 nüvə reaktorutikilməkdədir. Çin 2017-ci il üçün daha 40 nüvə reaktoru inşa etməyi planlaşdırır. Yəni Çin urana doyan deyil. Çin ekoloji baxımdan zərərli olan kömür istehsalından imtina etməyi planlaşdırır. Belə vəziyyətdə Qazaxıstanın Fransaya uran satması Çinin maraqlarına ziddir və Pekin buna mane olmaq qüçün Astanaya təzyiq etməyə çalışacaq”.

Mövzuya münasibət bildirən siyasətçi Akif Nağı Metbuat.az-a bildirdi ki, hər tərəfdən uğursuzluğa düçar olan Fransanın bu vəziyyəti yaşamasına səbəb Emanuel Makronun yürütdüyü siyasətdir:


“Makronun belə uğursuz prezident olmasına səbəb onun şəxsi keyfiyyətləri ilə bağlıdır. O ayrı-ayrı ölkələrlə, xüsusən də Azərbaycanla düzgün xarici siyasət qura bilmədi. Makron Azərbaycana qarşı gözlənilməz və heç bir məntiqə sığmayan hərəkətlər edir. Bu yanaşmaya səbəb də Ermənistanla bağlıdır. Fransa prezidenti ermənilərdən daha çox erməni olmağa çalışır. Azərbaycana və Türkiyəyə qarşı sərgilədiyi sərt mövqeyə səbəb subyekti amillərlə bağlıdır. Amma bu da doğru siyasət deyil. Ümumiyyətlə, dövlətin maraqları, yürütdüyü siyasi kurs subyektiv amillərə bağlı olmamalıdır.

Qazaxıstana uran axtarışlarına çıxan Makronun bu səfərinin nəticəsi o qədər də uğurlu sayıla bilməz. Makrondan sonra Qazaxıstana səfərə gedən Rusiyanın prezidenti Vladimir Putin uranla bağlı Qazaxıstanla Rusiya arasında anlaşma sənədi imzalandı. Sənədə görə, iki dövlət arasında uranın istehsalı və emalı ilə bağlı müəyyən birgə fəaliyyətə dair imzalar atıldı. Mən Fransa prezidentinin Qazaxıstandan uran almaq istəyinə nail olacağını düşünmürəm”.

Fransaya uranın daşınmasının Azərbaycan ərazisindən keçməklə daşınmasının olduqca təhlükəli ola biləcəyini diqqətə çatdıran Akif Nağı qeyd etdi ki, belə bir yükün ərazimizdən keçməsi arzuolunan deyil. Siyasətçi vurğuladı ki, ümumiyyətlə, Fransa ilə münasibət normal olduğu təqdirdə də radiasiya baxımından riskli bir daşımanın ölkəmizdən keçməsinə Azərbaycan razı olmayacaqdır.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.



metbuat.az.