11 noy 2023 16:14
GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Metbuat.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri!
Zəfər Günü münasibətilə Sizi və Sizin simanızda Azərbaycan xalqını Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Onilliklər ərzində işğal altında qalmış Azərbaycan torpaqları Sizin rəhbərliyinizlə şanlı Silahlı Qüvvələrin 2020-ci ildə 44 günlük müharibədə qazandığı tarixi Qələbə nəticəsində azad olundu. Bu qələbə həm də
2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş qısamüddətli antiterror tədbirlərindən sonra ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasına möhkəm zəmin yaratmışdır.
Beləliklə, Azərbaycan xalqının uzun müddətdən bəri arzuladığı Böyük Qayıdış nəhayət ki, reallığa çevrildi, ölkənin və xalqın tarixində yeni mərhələyə qədəm qoyuldu. İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması, eləcə də keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları istiqamətində göstərdiyiniz davamlı və yorulmaz səylərdə Sizə uğurlar arzulayırıq. Biz Azərbaycanın qazandığı nailiyyətləri təkcə ədalətin bərpası və beynəlxalq hüququn təsdiqi kimi deyil, həmçinin böyük milli ideyaya əsaslanan möhkəm birliyin və güclü liderliyin zəfəri kimi dəyərləndiririk. Biz, həmçinin inanırıq ki, bu böyük Zəfər və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün tam bərpası regional sülh, sabitlik və əməkdaşlığın inkişafı prosesində dönüş nöqtəsi ola bilər. Regional təşkilat olaraq biz bu məqsədlərə dəstək və töhfə verməyə hazırıq.
Zati-aliləri, Azərbaycanın daha da güclənməsi və inkişaf etməsi, xalqın rifahının daha da yaxşılaşması prosesində Sizə böyük nailiyyətlər və yeni zəfərlər, Azərbaycan xalqına isə sülh, inkişaf və firavanlıq diləyirik".