14 noy 2023 16:47
Noyabrın 14-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Komitədən Metbuat.az-a verilən xəbərə görə, köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Laçın şəhərinə daha 10 ailə - 40 nəfər köçürülüb.
Bununla da Laçın şəhərində 325 ailə, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilib.