8 noy 2023 09:30
Vətən müharibəsində qəhrəman Azərbaycan əsgərinin simvoluna çevrilən döyüşçülərdən biri də topçu Vüsal Şahkərimov oldu. Qorxmaz artilleriyaçı düşmənə atəş açdıqdan sonra mərdanə duruşu ilə hamını qürurlandırmışdı.
Bəs, topçu Vüsal indi haradadır, nə işlə məşğuldur?
Metbuat.az xəbər verir ki, bu suallara cavab almaq üçün AZƏRTAC-ın müxbiri Xaçmazda Vüsal Şahkərimovla görüşüb, hərbi xidmətdən sonrakı fəaliyyəti ilə maraqlanıb.
Vüsal Şahkərimov hərbi xidmətdən qayıtdıqdan sonra Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsində çalışır.
"Vətən müharibəsində qazanılan şanlı Qələbədədən 3 il keçir. Həmin günləri hər an xatırlayıram. Mən 2019-cu ilin iyul ayında, doğum günümdə hərbi xidmətə yollanmışam. Hərbi xidmətdə artilleriyaçı idim. Biz təlimlərdə iştirak edirdik. Vətən müharibəsi başlayan ilk gündən döyüşlərə başladıq. Sərrast atəşlərlə düşmənin mövqelərini məhv edirdik. Mənimlə döyüşlərdə Xaçmaz rayonu Arif Məmmədov adına Qusarçay tam orta məktəbində bir yerdə oxuduğum iki sinif yoldaşım da iştirak edirdi. Onlar Vətən uğrunda şəhid oldular. Dostlarımın şəhid olması məndə düşmənə nifrəti daha da artırdı", - deyə Vüsal Şahkərimov o günləri yada salır.
Məğrur duruşu ilə hamının rəğbətini qazanan, yağıya gözdağı olan Vüsal həmin videokadrlar haqqında valideynlərindən eşitdiyini bildirib.
"Müdafiə Nazirliyinin çəkiliş qrupu döyüşü lentə alırdı. Məni çəkdiklərindən xəbərim olmayıb. Bir neçə gün sonra valideynlərimlə telefonla danışanda mənə dedilər ki, "səni televizorda göstərirlər". Həmin kadrlar böyük marağa səbəb olmuşdu. Mən buna çox sevinmişdim. İndi bacım 6-cı sinifdə oxuyur. Hər dəfə "Tarix" kitabını gətirib mənim şəklimi göstərir. Böyük qürur hissi keçirirəm", - deyə o söyləyib.
İyirmi iki yaşı olan Vüsal Şahkərimovu Xaçmazda hamı yaxşı tanıyır. Tez-tez vətənpərvərlik mövzusunda tədbirlərə dəvət alır, döyüş xatirələrini bölüşür.
"Biz Ali Baş Komandanın rəhbərliyi ilə döyüşlərdə qələbə qazandıq. Bu gün bayrağımız Şuşada, Xankəndidə dalğalanır. Buna görə şəhidlərimizə, qazilərimizə borcluyuq. Şəhid olmuş döyüş yoldaşlarımı heç vaxt unutmayacağam", - deyə Vüsal Şahkərimov bildirib.