METBUAT.AZ

Siyasət

Milli Məclisin sədri beş ölkənin səfiri ilə görüşüb

24 Noyabr 2023 12:54

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının, Səudiyyə Ərəbistanı Krallığının, İordaniya Haşimilər Krallığının, Xorvatiyanın və Yunanıstanın səfirləri ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a verilən xəbərə görə, Rusiyanın fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov ilə görüşdə Sahibə Qafarova onu Azərbaycanda səfir kimi diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar diləyib.

Görüşdə diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə - siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə, habelə regional əməkdaşlıq və nəqliyyat sahələrində uğurla inkişaf etdiyi qeyd olunub. Mixail Yevdokimov Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin dinamik inkişaf etdiyini, xalqlarımız arasında dostluq münasibətlərinin olduğunu söyləyib. Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Milli Məclisin sədri Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteylini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Qeyd olunub ki, Azərbaycan Respublikası dost və qardaş Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrin inkişafına xüsusi önəm verir.

İssam bin Saleh əl-Cuteyli iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasını qeyd edib, müxtəlif sahələrdə, o cümlədən qanunverici orqanlar arasında əməkdaşlığın xalqlarımızın maraqlarına uyğun olduğunu vurğulayıb, dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı fikirlərini səsləndirib.

Sahibə Qafarova İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ömər Barakat Əl-Naharı qəbul edib. Milli Məclisin sədri onu ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, onun fəaliyyəti dövründə ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə inamını bildirib.

Azərbaycan ilə İordaniyanın iki dost və qardaş ölkələr olduğunu deyən spiker Sahibə Qafarova, bu il diplomatik münasibətlərin yaradılmasının 30 illiyinin qeyd olunduğunu diqqətə çatdırıb. Spiker ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu, hazırda müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.

Ömər Barakat Əl-Nahar qəbula və təbriklərə görə təşəkkürünü bildirib, ölkəmizdə diplomatik fəaliyyət göstərdiyi müddətdə ikitərəfli əlaqələrin daha da inkişaf etməsi üçün bütün səylərini səfərbər edəcəyini qeyd edib.

Sahibə Qafarova Xorvatiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Branko Zebiçlə görüşdə Azərbaycanla Xorvatiyanı dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri birləşdirdiyini bildirib. Spiker Xorvatiya Parlamentinin vitse-spikeri Davorko Vidoviçin bu ilin mayında Azərbaycan Respublikası Milli Məclisinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi sessiyasında iştirak etmək üçün Azərbaycana səfərini məmnunluqla qeyd edib. Spiker bildirib ki, Xorvatiya parlament nümayəndə heyətinin Azərbaycana səfəri və səfər zamanı işğaldan azad edilmiş Ağdam şəhərini ziyarət etməsi ölkəmizdə yüksək qiymətləndirilir.

Branko Zebiç qeyd edib ki, 1995-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından ötən illər ərzində münasibətlərimiz inkişaf edib. Bu gün müxtəlif sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün bir çox imkanlar var.

Sahibə Qafarova Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistrias ilə də görüşüb. Parlamentin sədri bildirib ki, hər iki ölkənin dövlət başçılarının görüşləri, aparılan danışıqlar əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edir. Sahibə Qafarova Azərbaycanla Yunanıstan arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 24 sənədin imzalandığını, müqavilə-hüquq bazasının daha da genişləndirilməsinin vacib olduğunu bildirib. Spiker enerji sahəsində də mövcud olan işbirliyindən, Cənub Qaz Dəhlizinin əhəmiyyətindən bəhs edib, digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.

Xristos Kapodistrias Yunanıstanın Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün geniş potensialın olduğunu bildirib.


metbuat.az.