27 Noyabr 2023 14:57
“Fatih Terimin milliyə baş məşqçi təyin olunması ilə bağlı yayılan xəbərlər öz təsdiqini tapmayıb”.
Metbuat.az-ın məlumatına görə, bu sözləri Yenisabah.az-a açıqlamasında Qol.az saytının baş redaktoru Aydın Bağırov deyib.
O, Azərbaycan milli komandasının AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika millisinə 5:0 məğlub olmasından və bununla da italyan mütəxəssis Canni De Byazinin komandadan göndərilməsindən sonra boş qalan baş məşqçi postuna kimin gətiriləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Xatırladaq ki, sözügedən posta türkiyəli futbol mütəxəssislərindən biri olan, “İmperator” ləqəbli Fatih Terimin gətiriləcəyi haqda məlumatlar dərc olunub.
Qeyd edək ki, F. Terim Türkiyə futbol tarixində “Galatasaray”ı Avropa çempionu etməyi, Türkiyə millisini isə AVRO-2008-in yarımfinal mərhələsinə gətirməyi bacaran tək məşqçi olub.
A.Bağırova görə isə adətən, milli komandalarda baş məşqçi postu boşalanda yaxın ətrafda olan ölkələrdən tez-tez məşqçi adları hallanır:
“Lakin yekun mərhələdə başqa baş məşqçilər gətirilib. Dəfələrlə olub ki, milli komanda ilə bağlı türkiyəli mütəxəssislərin adı hallanıb, lakin yekunda başqa məşqçilər gətirilib. Bu xəbərlər, əsasən, menecerlər və maraqlı şəxslər vasitəsilə dövriyyə buraxılır. Ona görə də bu tip xəbərlərin çox vaxt əsası olmur.
O ki qaldı Fatih Teirmlə bağlı yayılan xəbərlərə, bu gün dövr və məşqçinin futbola baxış tərzi dəyişib. Doğrudur, Fatih Terim 2000-ci illərin sonlarına qədər “Galatasaray”da, o cümlədən Türkiyə millisində gözəl nəticələrlə yadda qalıb, amma bu gün Türkiyədə daha gənc məşqçilər var ki, artıq onlar meydana çıxmağa başlayıb”.
“Mən həmişə onun tərəfdarı olmuşam ki, Azərbaycan milli komandasının baş məşqçisi yerli mentalitetə bələd olan yerli mütəxəssis olmalıdır. Burada məsələ kiminsə şəxsiyyəti ilə bağlı deyil, sadəcə olaraq, istər Fatih Terim, istərsə də digər bir mütəxəssis olsun, onların Azərbaycan futbolunu tanımaq və futbol mentalitetimizə bələd olmaq məsələsi çətindir. Ona görə də əminəm ki, onlar yaxşı bələd deyillər. Təcrübə də göstərib ki, xarici məşqçi amili milli yığmaya uğur gətirməyib. Bizim kifayət qədər gənc, öz üzərində işləyən bacarıqlı mütəxəssislərimiz var”, - deyə o, əlavə edib.
Tanınmış idman jurnalisti düşünür ki, AFFA həmin gənc mütəxəssislərlə işləməli, onların birinə millini həvalə etməli və onların iştirakı ilə komanda yoluna davam etməlidir:
“Yox, əgər bir halda ki, xarici məşqçi ilə çalışılacaqsa, mən istərdim ki, ya Murad Musayev, ya da Roman Qirqorçuk bunlardan biri olsun. Çünki Roman Qirqorçuk 2014-2018-ci illərdə “Qəbələ”ni çalışdırıb və Murad Musayevlə o, kifayət qədər Azərbaycan millisinə, futboluna və futbolçularına bələd şəxslərdir, habelə yerli mentaliteti bilən insanlandır. Ona görə də bu tip məşqçilərlə işləmək daha uyğun olardı, nəinki Azərbaycan futboluna bələd olmayan şəxslərlə”.
“Ümumiyyətlə, məşqçi məsələsi çox müxtəlif xəbərlərə yol açır. Məsələn, Şenol Güneşin də adı bu siyahıda çəkilir, amma mən onun haqqında da Fatih Terim barəsində dediklərimi təkrarlaya bilərəm. Yerli mütəxəssislərə gəlincə, “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov bu mövsüm özünü təsdiqləyən məşqçilərimizdən biridir. Eyni zamanda bizim o qədər gənc mütəxəssislərimiz var ki, onlar daim öz üzərində çalışır və işləyirlər. Yenə deyirəm, AFFA məşqçi seçəndə onlardan birini seçməli, onlarla yola davam etməli və milli komandanın gələcəyini yerli çalışdırıcılara həvalə etməlidir”, – müsahibimiz fikirlərini yekunlaşdırıb.