20 noy 2023 12:11
DSMF tərəfindən həyata keçirilən “Sosial tərəfdaş” layihəsi çərçivəsində endirimlər 30 faizə qədər olacaq.
Metbuat.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov “Sosial tərəfdaş” adlanan yeni layihənin təqdimatı zaman deyib.
O qeyd edib ki, endrimlər 2-30 faiz təşkil edəcək. “Bu endirim dərhal edilir. Hazırda tərəfdaşların sayı 1000-ə qədərdir. İlin sonuna qədər 1000-dən artıq tərəfdaşa çatması gözlənilir. Fondun ödəniş etdiyi bütün insanlar bu layihə ilə əhatə olunacaq. Vətəndaşlar alış-veriş etdikdən sonra kassada ödəniş kartlarını təqdim etməklə bu endirim dən faydalana bilərlər.
Bu endirimlər yalnız nağdsız ödənişlərə aiddir, nağd ödənişlərə tətbi edilmir”, - deyə H.Məmişov bildirib.
O qeyd edib ki, layihədə iştirak edən şirkətlərin siyahısı, habelə tətbiq olunacaq güzəşt və endirimlərlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytına (sosial.gov.az) və ya DSMF (dsmf.gov.az) saytına daxil olaraq “Sosial tərəfdaş” bölməsində tanış olmaq olar.
Qeyd edək ki, pensiya, müavinət və digər ödəniş alanlar üçün yeni “Sosial tərəfdaş” layihəsi həyata keçirilir. DSMF-dən pensiya və digər ödəniş alanlar üçün nağdsız alış-verişdə tərəfdaş şirkətlər tərəfindən güzəşt və endirimlər tətbiq olunacaq. Dövlət və özəl sektor arasında tərəfdaşlıq nümunəsi olan layihə DSMF-dən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və kompensasiya alan vətəndaşları əhatə edir. Həmin vətəndaşlar layihəyə qoşulan tərəfdaş şirkətlərə aid market, aptek, klinika, sığorta, turizm və banklarda pensiya və digər ödəniş aldıqları bank kartları ilə nağdsız alış-veriş etdikdə onlara güzəşt və endirimlər tətbiq olunacaq.