METBUAT.AZ

İdman

"Qarabağ" və "Zirə" turu qələbə ilə başa vurdu -

13 noy 2023 00:40

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.

Metbuat.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk matçında lider "Zirə" doğma meydanda autsayder "Qəbələ" ilə üz-üzə gəlib. Görüşün taleyini bir qol həll edib. Qismət Alıyevin 64-cü dəqiqədə penaltidən vurduğu qol "qartallar"a qələbə qazandırıb. Bu nəticədən sonra xallarını 27-yə çatdıran "Zirə" zirvədəki mövqeyini qoruyub. Səkkiz xalı olan "Qəbələ" isə sonuncu - 10-cu sırada qalıb.

Tur "Qarabağ" - "Səbail" oyunu ilə başa çatıb. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma Ağdam təmsilçisinin xeyrinə yekunlaşıb - 3:1.

Hesabı 8-ci dəqiqədə meydan sahiblərindən Toral Bayramov açıb. 43-cü dəqiqədə Yassin Benzia qonaqları ikinci dəfə meydanın mərkəzinə dəvət edib. 55-ci dəqiqədə Olavio Juninyo üçüncü topu "dənizçilər"in qapısından keçirib. Pedro Nino 76-cı dəqiqədə hesab arasındakı fərqi azaltsa da, Bakı klubunun bundan artığına gücü çatmayıb. Bu nəticədən sonra "Qarabağ" 26 xalla ikinci, "Səbail" isə 21 xalla dördüncü pillədə yer alıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Araz-Naxçıvan"a 1:0, "Sumqayıt" "Neftçi"yə 2:1, "Sabah" isə "Turan Tovuz"a 3:2 hesabı ilə qalib gəlib.


metbuat.az.