27 Noyabr 2023 23:31
Azərbaycanın məşhur futbolçusu, hazırda “Qarabağ”ın baş məşqçisi olan Qurban Qurbanova həsr edilmiş filmin təqdimat mərasimi keçirilib.
Metbuat.az xəbər verir ki, “Stadionlar səssiz olanda” adlı idman dramının premyerası Nizami Kino Mərkəzində baş tutub.
Filmin nümayişindən əvvəl çıxış edən filmin quruluşçu rejissoru Əlisəttar Quliyev bu işdə onlara dəstək olan hər kəsə təşəkkürünü bildirib.
Daha sonra ekran işi izləyicilərə təqdim edilib. Filmdə 51 yaşlı mütəxəssisin XX əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və Ağdam klubu ilə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti əks olunub.
Filmin nümayişindən sonra səhnəyə dəvət olunan Qurban Qurbanov başda Əlisəttar Quliyev olmaqla bütün yaradıcı heyətə minnətdarlığını bildirib. Filmin onu keçmişə qaytardığını deyən mütəxəssis ekran işində kifayət qədər maraqlı səhnələrin yer aldığını qeyd edib. Musa Qurbanov barədə danışarkən göz yaşlarını saxlaya bilməyən baş məşqçi qardaşının onun üçün çox əziyyət çəkdiyini vurğulayıb. Prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunduğunu xatırladan Q.Qurbanov bu filmin ona ikinci böyük hədiyyə olduğunu əlavə edib. Mütəxəssis sonda gənclər və idman naziri Fərid Qayıbova təşəkkür edib.
Azərbaycanı hər şeydən çox sevdiyini deyən Qurban Qurbanov bildirib ki, onun üçün ən önəmli xüsusiyyət vətənpərvərlikdir. O, “Qarabağ”ın adını hər zaman uca tutacağını və daha böyük qələbələr qazanmağa çalışacaqlarını vurğulayıb.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə istehsal olunan film noyabrın 30-dan etibarən bütün kinoteatrlarda nümayiş etdiriləcək.