20 noy 2023 15:27
Rusiya prezidentinin mətbuat katibi Dmirti Peskov son açıqlamalarından birində deyib ki, Rusiya xarici siyasətdə şərq istiqamətinə xüsusi əhəmiyyət verməyə başlayıb. Peskovun sözlərinə görə, Kremlin başqa alternativi qalmayıb. Ukrayna müharibəsinə görə Avropa ölkələri Rusiyadan üz döndəriblər. Ona görə də belə şəraitdə Kreml başqa alternativlər və bazarlar axtarmağa başlayıb.
Metbuat.az-ın məlumatına görə, vəziyyəti şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Peskov şərq istiqaməti dedikdə ilk növbədə Rusiyanın Çinlə strateji əlaqələrini nəzərdə tutub:
“Rusiya prezidenti Vladimir Putin oktyabrın 17-də Pekində “bir kəmər, bir yol” forumuna qatılmışdı. Putin Ukraynaya qarşı müharibəyə başladıqdan sonra xarici ölkələrə səfər etmir. Putin Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səfər dəvətindən son anda imtina etdi. Putin o ölkələrə səfər edir ki, Rusiyanın həmin ölkə ilə strateji əlaqələri üst səviyyədədir və özününtəhlükəsizliyi yüksək səviyyədə qorunacağı vəd edilir”.
Putinin son iki ildə bir neçə ölkəyə, o cümlədən Belarusa, Qazaxıstana və Çinə səfərlərini xatırladan analitik qeyd edib ki, Rusiya lideri Pekindəki forumda iştirak etməklə yanaşı Çin lideri Tsi Cinpinlə üz-üzə qapalı şəraitdə bir neçə saat ərzində fikir mübadiləsi aparıb:
“Birinci mövzu təbii ki, Rusiya və Çinin ümumi rəqibi – ABŞ-la mübarizə barədə olub. Moskva və Pekin birgə səylərlə beynəlxalq aləmdə ABŞ-ın hegemonluğuna son qoymağa çalışırlar. Bu məqsədlə Pekin və Moskva BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) və Şanxay Əməkdaşlıq Təşkilatını gücləndirməyə və təşkilatlara üzvlərin sayını artırmağa qərar veriblər. Ancaq bu təşkilatlardakı üzvlərin heç də hamısı Moskva və Pekinin istəyi ilə Qərblə düşmən olmaq istəmirlər. Misal üçün Hindistan və Qazaxıstan ABŞ və Avropa İttifaqının müxtəlif ölkələri ilə ortaq layihələr reallaşdırmağa çalışırlar.
İkinci mövzu Rusiya və Çinin iqtisadi inteqrasiyasını gücləndirməkdir. Ancaq bu inteqrasiya Rusiyanın Çin bazarından asılılğına gətirib çıxarıb. Rusiya Avropaya saata bilmədiyi məhsulların tamamını Çinə yönəldib. Rusiya Çinə neft, qaz, taxta və əlvan metallar satır, əvəzində hazır məhsullar alır. Çinin isə Rusiyanın hazır məhsullarına ehtiyacı yoxdur. Çünki Rusiya iqtisadiyyatı enerji resurslarının istismarı üzərində formalaşıb. Çinin alıcılıq gücünün zəifləyəcəyi halda bunun Rusiya iqtisadiyyatına da məfi təsiri artacaq”.
Üçüncü mövzunun Çinlə Rusiya arasında hərbi əməkdaşlığın gücləndirilməsi olduğunu qeyd edən politoloq bildirdi ki, iki ölkə il ərzində quruda və dənizdə müxtəlif birgə hərbi təlimlər keçirirlər. Politoloq hesab edir ki, Pekin və Moskva bu təlimlərin üçüncü ölkələrə qarşı yönəlmədiyini söyləsələr də, Çinə qonşu olan ölkələr bu təlimlərin intensivliyindən narahatdırlar.
“Rusiya ilə Çin arasında birgə hərbi təlimlərin sayı artdıqca ABŞ, Hindistan, Avstraliya və Yaponiya kimi ölkələr də öz aralarında birgə hərbi təlimlərin sayını artırırlar”.
Gülbəniz Hüseynli / Metbuat.az