METBUAT.AZ

Sosial

Siqaretin qiyməti bahalaşdı? -

2 noy 2023 11:03

Xəbər verdiyimiz kimi, Maliyyə Nazirliyinin açıqladığı 2024-cü ilin dövlət büdcəsinin layihəsində bildirilib ki, gələn il üçün siqaret və alkoqollu içkilərin aksiz dərəcəsi artırılacaq.

Artıq mağazalarda siqaret və tütün məhsullarının qiymətində bahalaşma hiss olunur. Bu barədə Metbuat.az-a alıcılardan biri danışıb. O bildirdi ki, hər gün alıcısı olduğu “Winston” markalı siqaretin qiymətində 20 qəpik bahalaşma müşahidə edib.

“Həmişə siqaret aldığım mağaza idi, pulu ödəyəndə 20 qəpik artırıldığını dedilər. Çox da bu barədə müzakirə etmədim, çünki demək olar tez-tez qiyməti artırdıqlarının şahidi olmuşam”.

Başqa bir alıcı isə dedi ki, supermarketdə “LD “markalı siqareti tapmaq mümkün olmayıb. Kiçik mağaza satıcıları isə bildirdilər ki, qiymət artımına səbəb kimi firmaların məhsul verməməsidir.

“Dünəndən firmalardan deyiblər ki, qiymət qalxacaq, ona görə də məhsul qıtlığı yaranıb. Biz əlimizdə olan məhsulları köhnə qiymətinə satırıq, amma bəzi siqaret bloklarında bir iki manat artım ola biləcəyi haqqında iddialar var”-, deyə satıcı bildirib.

Məlumat üçün bildirək ki, sonuncu dəfə siqaretin qiyməti avqust ayında 10-20 qəpik arasında artmışdı.

Qeyd edək ki, Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilir.

Hazırda aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının hər 1000 ədədi üçün 14,0 manatdırsa, layihəyə görə, alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tərkibində və ya bərpa edilmiş tütün olan məhsulların hər 1000 ədədi üçün 16 manat olacaq.

Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi isə 0,25 manatdan 2 manata qaldırılır.

Aksiz dərəcəsi içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4,0 manatdan 4,8 manata qaldırılır.

Metbuat.az


metbuat.az.