8 noy 2023 12:06
“Qüdrətli Azərbaycan imperiyasının Nadir şahın dövlətinin parçalanmasından sonra Azərbaycan dövləti heç bir zaman bu qədər güclü, hüquqi cəhətdən tanınmış əraziləri üzərində bugünkü kimi suverenliyi möhkəm olmamışdır”.
Bu fikirləri Metbuat.az-az açıqlamasında AMEA-nın Qafqazşünaslıq İnstitunun ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, Elnur Kəlbizadə deyib.
Müsahibimiz vurğuladı ki, təqribən son 300 illik tariximizin ən möhtəşəm dövrünü yaşayırıq:
“44 günlük Vətən müharibəsi, eyni zamanda Vətən müharibəsindən sonra həm diplomatik meydanda, həm döyüş meydanında Azərbaycan dövlətinin atdığı məqsədyönlü addımlar xalqımıza öz tarixinin ən böyük zəfərini nəsib etdi. 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın keçdiyi yol heç də asan olmayıb. 30 il ərzində Ermənistanın işğalına susan, müxtəlif vasitələrlə göz yuman dövlətlər Azərbaycanın ərazilərini işğaldan azad etməsindən sonra ölkəmizə qarşı müxtəlif dolayı vasitələrlə təzyiqlər göstərməyə çalışdılar. Onlar Azərbaycanın Ermənistana və ermənilərə təklif etdiyi kifayət qədər humanist təkliflərə baxmayaraq, ermənilərin bunu qəbul etməsi üçün belə heç bir səy göstərmirdirlər. Eyni zamanda regionda sülhün əldə olunması üçün təşəbbüsləri dəstəkləmək əvəzinə həm Ermənistana, həm də Azərbaycanın Qarabağ bölgəsindəki silahlı erməni quldurlarına müxtəlif formalarda gizli və açıq şəkildə dəstək verirdilər. Lakin Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan İlham Əliyev göstərdi ki, Azərbaycan nəyin bahasına olur olsun, torpaqlarını azad edib, suverenliyini bərpa edəcəkdir”.
E.Kəlbizadə vurğuladı ki, 2023-cü ildə Azərbaycan həyata keçirdiyi antiterror əməliyyatı zamanı təsdiq etdi ki, Azərbaycan torpaqları üzərində Azərbaycanın qanunlarından başqa heç bir qanun işləyə, Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrindən başqa heç kəs qanunsuz olaraq silah daşıya və silahlı dəstələr şəklində mövcud ola bilməz.
Ekspert əminliklə bildirdi ki, bu üç il Azərbaycanın müzəffər Ali Baş komandanı İlham Əliyevin elan etdiyi müdrik fikrin həm də təsdiqi oldu:
“Ötən bu üç illik müddətdə bütün xalqımız, eyni zamanda dünya, cənab Prezidentin atdığı hər bir addımın arxasında böyük siyasət, müdrik bir düşüncə və uzaqgörənlik dayandığının şahidi oldu. Mən sadəcə iki faktı xüsusi qeyd etmək istəyirəm. 1920-ci ildə Ermənistanın sovetləşməsindən sonra dekabrın birində və ikisində RSFSR bolşeviklər Azərbaycan SSRİ rəhbərliyini Zəngəzur və Qarabağla bağlı Ermənistanın xeyrinə hansısa bəyanatlar verməyə məcbur etdilər. Bundan düz 100 il sonra -2020-ci il dekabr ayının üçündə Azərbaycan prezidenti İlham Əliyev Zəfər Gününün qeyd olunması ilə bağlı sərəncam imzaladı. 1923-cü ilin sentyabrında bolşeviklər Azərbaycanın Xankəndi şəhərinin adını dəyişdirib onu Stepanakert adlandırdılar. Bundan düz 100il sonra, 2023-cü ilin sentyabrında Azərbaycan prezidentinin Müzəffər Ali Baş Komandanın verdiyi göstərişləri yerinə yetirmək üçün Azərbaycan ordusu antiterror əməliyyatı keçirdi. Nəticədə, Xankəndi və digər ərazilərdəki terrorçular Azərbaycan ərazilərindən təmizləndilər. Hər iki fakt bir daha göstərir ki, müzəffər Ali Baş Komandan heç bir addımı təsadüfən atmır. Hətta əməliyyatların keçirilmə tarixlərinin müəyyənləşdirilməsində, sərəncamların, qərarların verilmə tarixlərinin müəyyənləşdirilməsində mütləq bir sistemlilik açıq şəkildə nəzərə çarpır. Müzəffər Ali Baş Komandanımız başda olmaqla zalqımızı bu möhtəşəm gün münasibətilə təbrik edirəm”.
Gülbəniz Hüseynli / Metbuat.az