17 noy 2023 17:07
“Azərbaycan xalqı SSRİ-nin xalqların başına açdığı oyunlara qarşı mübarizədə həmişə ön sırasında yer alıb. Xalqımız ölkəmizin başına SSRİ dövründə gətirilən fəlakətlərə həmişə etiraz edib. Etiraf etmək lazımdır ki, SSRİ-nin çöküşündə Azərbaycan xalqının milli dirçəlişinin, müqavimətinin çox böyük əhəmiyyəti olubdur”.
Bu fikirləri Metbuat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib:
“17 noyabr Dirçəliş Günü Azərbaycan xalqının işğala qarşı mübarizəsini ön plana çəkir. Bəziləri Milli Dirçəliş Günününün siyasiləşdirərək çirkin anbisiyalarını 17 noyabr tarixi ilə pərdələmək istəyirlər. Amma bilməlidirlər ki, 17 noyabrda baş verənlər heç bir siyasi qrupa və fraksiyaya bağlı olan bir hadisə deyildi”.
Tural İsmayılov vurğuladı ki, xalqın bütövlükdə sovet işğalına qarşı milli müqavimət günü olan bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.
“İdeologiyasının siyasi yönümündən asılı olmayaraq, hər kəs bu prosesdə həmişə ön planda yer almağa çalışırdı. Bu baxımdan hesab edirəm ki, 17 noyabr tarixinin bütövlükdə əzilən, mübarizə aparan xalqlar baxımından çox vacib və strateji əhəmiyyəti var”.
Qeyd edək ki, həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan “Azadlıq”da Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Çoxsaylı insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi.
1989-cu ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə edildi. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu. Qısa müddət ərzində Azərbaycan Respublikasının müstəqilliyinə real təhlükə olan SSRİ qoşunları Azərbaycandan çıxarıldı.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olunub. Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıb. Bununlada milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.
Gülbəniz Hüseynli / Metbuat.az