METBUAT.AZ

Sosial

Sürücülərin NƏZƏRİNƏ:

13 noy 2023 12:51

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS 636:2023 "Yol nəqliyyat vasitələri. Ekoloji siniflər" dövlət standartı qəbul edilib.

Standartlaşdırma İnstitutundan Metbuat.az-a verilən məlumata görə, bu standart ölkə ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələbləri formalaşdırmaq, onların ətraf-mühitə, insan həyatına və sağlamlığına vurduğu ziyanı azaltmaq, həmçinin ekoloji təmiz nəqliyyat vasitələrindən və digər yaşıl texnologiyalardan istifadəni genişləndirmək, təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsini stimullaşdırmaq və zəruri infrastrukturu yaratmaq məqsədilə AZS 636-2012 “Yol nəqliyyatı. Ekoloji siniflər” dövlət standartının əvəzinə işlənib hazırlanıb.

Yeni standartın ölkə ərazisində tətbiq mexanizmləri barədə Metbuat.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərli bildirdi ki, ölkəmizə idxal olunan avtomobillərin hamısı "Avro-4" ekoloji standartlara cavab verir:

“Ümumiyyətlə, bu standartlara cavab verməyən avtomobillər ölkəmizə idxal olunmasa da, hələ də ölkə ərazisində köhnə sovet dövründən qalan avtomobillər qalmaqdadır. Yalnız onlar bu günkü müasir ekoloji Avropa standartlarına cavab vermir. Hazırda Bakı şəhərində taksi fəaliyyətində istismar olunan avtomobillər də Avropa standartlarına cavab verirlər. Son illərdə, ölkəyə idxal olunan yeni ekoloji təmiz nəqliyyat vasitələri, istər hibrid avtomobillər, istər elektromobillər olsun, onların rüsumlardan azad edilməsi sahibkarların daha çox bu avtomobilləri ölkəyə gətirməsinə şərait yaradıb. Son illərin statistik göstəriciləri də sübut edir ki, vətəndaşların isə ölkə daxilində istismar etdiyi avtonəqliyyat vasitələrin əksəriyyəti standartlara uyğundur”.

Qərarın bazara təsirinə gəlincə isə Eldəniz Cəfərli bildirdi ki, ölkəmizdə “Avro-5” standartlarına keçidlə bağlı qərarı və həmçinin ölkəyə idxal olunan mühərrik həcmi kiçik olan yeni avtomobillər üçün müəyyən güzəştlərin verilməsini gözləyirik. Ola bilər ki, gömrük rüsumları bir qədər endirilsin.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkədə 1,4 milyondan çox minik avtomobili mövcuddur. Bunun 1,3 milyondan çoxu şəxsi minik avtomobillərinin payına düşür. Məlumat üçün bildirək ki, elektrik mühərriki ilə işləyən avtomobillərin 2019-cu il yanvarın 1-dən etibarən ölkə ərazisinə idxalı əlavə dəyər vergisindən azad edilib. 2022-ci il yanvarın 1-dən elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı, habelə həmin avtomobillər üçün 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının və istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilib.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.