METBUAT.AZ

Ölkə

Şuşa - Türk dünyasının mədəniyyat paytaxtı

5 noy 2023 10:09

“Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir. Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur!”

Heydər Əliyev

Şuşa Türk dünyasının mədəniyyət paytaxtı sayılmaqla yanaşı, Azərbaycanın-Qarabağ bölgəsinin əsrarəngiz, füsunkar təbiətə malik, dilbər guşələrindən biridir. Şuşa Qafqazın parlaq incisi, Azərbaycanın musiqi beşiyi, muğam-sənət ocağıdır. Məşhur şuşalı xanəndə Cabbar Qaryağdıoğlu hələ sağlığında çox gözəl vurğulamışdır ki, “Bizim Qarabağda uşaqlar ağlayanda elə muğam üstündə ağlayırlar.” Şuşa eyni zamanda çoxəsrlik keçmişin dərin izlərini özündə əks etdirən qədim tarixi əhəmiyyətə malik abidələrlə zəngin olan əfsanəvi mədəniyyət diyarıdır. Şuşanın başı dumandan görünməz olan uca dağları, buzlu İsa bulağı, vələs, ağcaqayın, göyrüş, palıd ağaclarının sıralandığı, yaşıl donlu Topxana meşəsi, igidlərin zaman-zaman tərkində qılınc çaldığı dünyada tayı-bərabəri olmayan Qarabağın cins atlarının qədəm qoyduğu Cıdır düzü təbiətin Vətənimizə bəxş etdiyi misilsiz gözəllik nişanəsidir. Qarabağın mərkəzi sayılan, Xankəndi və Xocalı şəhərlərinin qonşuluğunda yerləşən Şuşa coğrafi baxımdan əsasən qayalı dağlarla əhatə olunmuşdur. Ən yüksək zirvəsi də Böyük Kirs dağıdır (2725 m.). Şuşa faydalı qazıntı yataqları və Turşsu şəfalı mineral bulağı ilə də məşhurdur. Həmçinin Kürün sağ qolu sayılan Qarqarçayı bu şəhərin ərazisindən axır.

1752-ci ildə təməli Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri bir zamanlar Pənahabad adlandırılmışdır. Şuşa 1756-cı ildən 1823-cü ilədək Qarabağ xanlığının paytaxtı olmuşdur. Şuşanın 40 kəndi vardır: Daşaltı, Malıbəyli, Ağbulaq, Allahqulular, Sarıbaba, Zarıslı, Armudlu, Şırlan, Həsənabad, Xanalı, Mirzələr, Səfixanlar, Bayat, Cəmillər, Böyük Qaladərəsi, Aşağı Quşçular, İmanlar, Göytala, Həsənqulular, Laçınlar, Məmişlər, Turabxan, Şuşulu, Yuxarı Quşçular, Salatınkənd, Paşalar, Çaykənd, Qarabulaq, Xəlfəli, İmamqulular, Dükanlar, Onverst, Nağılar, Əmillər, Xudaverdilər, Nəbilər, Xanlıqpəyə, Kiçik Qaladərəsi, Qaybalı və Zamanpəyəsi kəndləri. Şuşanın bir çox məscid, qəsr, türbə, mədrəsə, hamam və karvansaraların yerləşdiyi Culfalar, Quyuluq, Seyidli, Merdinli, Hamamqabağı, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Dəmirçilər, Dörd Çinar, Mamayı, Köçərli, Xoca Mərcanlı, Dördlər Qurdu, Saatlı, Çuxur məhəllə və Təzə məhəllə adlı 17 məhəlləsi də mövcuddur. Şuşada tarixi abidələrin, yerli tikililərin, məşhur şəxsiyyətlərin mülklərinin çoxu 19-cu əsrdə yaşayıb-yaratmış memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilmişdir.

Şuşa bir sıra görkəmli həkim, şair, yazıçı, maarifçi, mədəniyyət, incəsənət və dövlət xadimlərinin Vətənidir. Şair Qasım bəy Zakir, xanəndə Hacı Hüsü, şairə Fatma xanım Kəminə, tarzən Mirzə Sadıq (Sadıqcan), həkim Kərim bəy Mehmandarov, dramaturq Nəcəf bəy Vəzirov, maarifçi Firidun bəy Köçərli, ictimai xadim Əhməd bəy Ağaoğlu, yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev, yazıçı Süleyman Sani Axundov, bəstəkar Üzeyir Hacıbəyli, yazıçı Yusif Vəzir Çəmənzəminli, dövlət xadimi Nəriman bəy Nərimanbəyli, xanəndə Xan Şuşinski, xalçaçı-rəssam Lətif Kərimov, teatr aktyoru və rejissoru Şəmsi Bədəlbəyli, Mehdi Məmmədov, heykəltəraş Cəlal Qaryağdı, kinorejissor Lətif Səfərov kimi məşhur, şuşalı tarixi şəxsiyyətlərin adlarını çəkmək olar.

Şuşada ilk musiqi məktəbi 19-cu əsrin ortalarında Xarrat Qulu tərəfindən açılmışdır. Xarrat Qulubu məktəbdəmusiqi fənnini tədris etdiyi surətdə şagirdlərə özünün hazırladığı müxtəlif musiqi alətlərində çalmağı öyrədərdi. Şuşanın adlı-sanlı, tanınmış xanəndə və musiqiçilərindən Hacı Hüsü, Məşədi İsi, Keçəçioğlu Məhəmməd, Əbdülbaqi Zülalov (Bülbülcan), Cabbar Qaryağdıoğlu və Sadıqcan bu məktəbin yetirmələridirlər.

Qeyd edək ki, Şuşa şəhərində ilk mətbəə 1830-cu ildə fəaliyyətə başlamış, ilk teatr tamaşaları 1848-ci ildə nümayiş etdirilmiş,ilk kitabxana isə 1897-ci ildə yaradılmışdır. Şəhərin yerli mətbu orqanı sayılan bir müddət “Kolxoz bayrağı” adı altında nəşr olunmuş “Şuşa” qəzeti idi. Bu qəzet sonralar fəaliyyətini Bakı şəhərində davam etdirmişdir.

19-cu əsrin 2-ci yarısında Şuşada şeir məclisləri təşkil olunar, musiqili muğam gecələri keçirilərdi. Belə məclislərin əks-sədası nəinki Qarabağa, hətta Azərbaycanın digər bölgələrinə qədər yayılmışdı. Şuşada ilk ədəbi-musiqili məclis şair Hacı Abbas Agahın 1864-cü ildə yaratdığı, 1897-ci ilə qədər Xurşidbanu Natəvanın rəhbərliyi ilə fəaliyyət göstərmiş “Məclisi-üns” idi. Sözügedən məclisdə Mirzə Rəhim Fəna, Mirzə Ələsgər Növrəs, Mirzə Həsən Yüzbaşov-Qarabaği kimi şairlər qərar tutardılar. Hətta bu məclisə dəvət olunmuş Qarabağ xanəndələri şairlərin qəzəllərini muğam üstündə ifa edərdilər. Şuşada həmçinin 1872-ci ildə Mir Möhsün Nəvvabın evində təşkil edilmiş “Məclisi-Fəramüşan” adlı daha bir ədəbi məclis fəaliyyət göstərirdi. Fatma xanım Kəminə, Həsənəli xan Qaradaği, Məşədi Əyyub Baki, Abdulla bəy Asi, Xarrat Qulu kimi şair və musiqişünaslarla yanaşı Qarabağın bir çox muğam ifaçıları da bu məclisin fəal üzvlərindən idilər. “Məclisi-Fəramüşan” fəaliyyətini 1910-cu ilə qədər davam etdirmişdir.

Dahi lider, böyük şəxsiyyət Heydər Əliyev öz qayğısını mütəmadi olaraq Şuşa şəhərinin üzərindən heç zaman əsirgəməmişdir. “Şuşa Azərbaycanın demək olar ki, böyük bir tarixi abidəsi, eyni zamanda əgər bunu şeirlə desək, incisidir.” - dəyərli fikirləri də Heydər Əliyevə məxsusdur. Belə ki, Heydər Əliyevin xeyirxah təşəbbüsü ilə Şuşada bir sıra tarixi, yerli əhəmiyyətli abidə-komplekslərin, binaların təmiri, tikintisi və bərpası məqsədilə dəfələrlə mühüm qərarlar qəbul edilmiş, Şuşa dünyanın hər yerindən turistlərin cəlb edildiyi kurort şəhərinə çevrilmişdir. Bunlardan savayı, Heydər Əliyevin təşəbbüsü ilə Şuşada dövrünün görkəmli şairi və ictimai xadimi Molla Pənah Vaqifin məzarüstü məqbərəsinin inşası, Xan qızı Xurşidbanu Natəvanın abidəsinin ucaldılması, “Poeziya evi”nin açılışı Şuşanın azad və firəvan çağlarına təsadüf edir. Şuşanın tarixi-memarlıq qoruğuna çevrilən qədim abidələrindən həmçinin Şuşa qalasını, Şuşa kurqanını, Şuşa mağara düşərgəsini, Bayat və Şahbulaq qalalarını, Qarabağ xan sarayını, Xan Qızı Natəvanın sarayını qeyd etmək olar.

1992-ci ilin mayında əfsuslar olsun ki, Şuşa xəyanətin qurbanı oldu. Tarixən alınmaz qala hesab edilən Qafqazın mirvarisi bu qədim şəhər erməni silahlı birləşmələri tərəfindən işğal edildi. Danılmaz həqiqətdir ki, ermənilər heç vaxt xain, kinli gözlərini Qarabağın üzərindən çəkməyiblər. Zaman-zaman iddialı şəkildə,həyasızcasına bu əsrarəngiz torpaqlara yiyələnməyə can atıblar. Şuşanın işğalı zamanı 195 nəfər azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, 150 nəfər əlil olmuş, 552 uşaq isə valideynlərini itirmişdir. Ümumilikdə 22 minə yaxın insan öz doğma yurd-yuvasından məcburi köçkün düşmüşdür. Erməni vandalları şəhərin 600-ə yaxın tarixi abidəsini məhv etmişlər. Bu abidələr içərisində Pənahəli xanın sarayı, Yuxarı Gövhər Ağa məscidi, Aşağı Gövhər Ağa məscidi, Molla Pənah Vaqifin məqbərəsi, Xurşidbanu Natəvanın sarayı yerlə-yeksan edilmiş, eləcə də Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyi, Şuşa Xalq tətbiqi sənəti muzeyi, bəstəkar Üzeyir Hacıbəylinin, xanəndə Bülbülün, rəssam və musiqişünas Mir Möhsün Nəvvabın ev muzeyləri dağıntıya məruz qalaraq, fondları talanmışdır. O cümlədən şəhərdə 7 uşaq bağçası, 25 orta ümumtəhsil məktəbi, 8 mədəniyyət evi, 22 klub, 31 kitabxana, 2 kinoteatr, 40 tibb müəssisəsi, orta ixtisas musiqi məktəbləri, texnikumlar mənfur erməni vandalizminin qurbanına çevrilmişdir. Beləliklə, erməni vandalları törətdiyi mənfur əməlləriylə xaincəsinə milli-mədəni irsimizi dağıtmaqla Şuşa şəhərinin tarixi simasına külli-miqdarda ziyan vurmuşlar. Bu cür vandalizm yer üzündə görülməyib.

8 noyabr 2020-ci il. Təqvimin şanlı və şərəfli bir günü! Qarabağımızın 30 illik həsrətinə son qoyulduğu tarix! İllərlə Azərbaycan xalqının səbirsizliklə, intizarla gözlədiyi məqam! 27 sentyabrdan başlayaraq rəşadətli Azərbaycan Ordusunun böyük qələbəsi ilə nəticələnən 44 günlük Vətən Müharibəsi - milli qürurumuzun təntənəsi! Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində tarixi ədalətin bərpa edilməsi! İllərlə yağı tapdağında viran qalan əsrarəngiz torpaqlarımızın azadlığına qovuşduğu, Haqqın təntənəsinin zəfər çaldığı an! Qarabağın baş tacı, qiymətli sərvəti sayılan Xarı Bülbül ətirli Şuşamızın əsarətdən qurtuluşu ilə tarixi qələbəmizin möhrünün vurulduğu möhtəşəm gün!

Qələbəmizin müzəffər müjdəçiləri-qəhrəman Vətən oğullarının hər biri 44 günlük tarixi haqq savaşımızda odlardan-alovlardan keçərək dünya hərb tarixində misilsiz şücaətləriylə şanlı salnamə yazdılar. Zəfər salnaməsi! Qeyrət, hünər dastanı! Sinəsini yağı, düşmən önündə sipər edərək nələrə qatlaşmadı İgid Vətən oğulları! Əsir yurd yerlərimizi başdan-başa ağuşuna almış ən ağır, sərt istehkamları yararaq, uca zirvələri fəth etdilər. Qanı axa-axa yaralı vəziyyətdə belə düşmənə müqavimət göstərməkdən əsla çəkinmədilər, dönmədilər. Bu cür qəhrəmanlığı, dönməzliyi Yer üzündə yalnız Azərbaycan əsgəri nümayiş etdirə bilərdi. Yenilmiş, xain düşmən də dağ vüqarlı Azərbaycan əsgərini qarşısında şax, məğrur qamətlə görcək, bundan heyrətlənərək diz çökməli, geri çəkilməli oldu. Ordumuzun zəhmi, qollarındakı polad qüvvəti düşmənin belini beləcə qırdı. “İrəli, irəli, yalnız irəli!” şüarıyla hünəri, rəşadəti dastana dönən Qəhrəman oğullar hər kənd, şəhərimizi öz qanı, canı bahasına Vətənə qaytardılar. Murovdağ yüksəkliklərinin, Suqovuşanın, Ağoğlanın, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının addım-addım zəfəri Şuşaya doğru uğurlu bir cığır açdı. Göz-bəbəyimiz Şuşaya dişiylə-dırnağıyla hakim oldu müzəffər igidlərimiz.

Həqiqətən də, Şuşa əməliyyatı dünya hərb tarixində misli görülməmiş bir yaddaqalan hadisəyə çevrildi. Şuşamız topsuz-topxanasız, ən soyuq, ən kəskin, ən iti silahlar gücünə düşmən işğalından azad edildi. Əsir taleyinə birdəfəlik son qoyuldu. Bir də aslan igidlərimizin həddən ziyadə ayıq-sayıqlığı,gücü-qüvvəti hesabına. Sıldırım qayalardan iplə qalxaraq Şuşaya olduqca ağır və həlledici döyüş əməliyyatına gülə-gülə, kəlmeyi-şəhadətini belə söyləyərək yollanan cəsur igidlərimizin göstərdiyi hünər və şücaətini əsla unutmayacağıq.

1992-ci ilin 8 mayında işğala məruz qalmış Şuşa 2020-ci ilin 8 noyabrında azadlığına qovuşdu. Görünür, 8 rəqəmi Şuşanın taleyinə yazılmış həlledici, mühüm bir rəqəm idi. Necə zənn edəydik ki, 8 rəqəmi Şuşanın işğal tarixinə nəhz və uğursuz bir rəqəm kimi yazılsa da, gün gələcək həmin rəqəm zəfər müjdəli bir nidaya, təntənəyə çevriləcək. Qalib Komandan İlham Əliyevin möhtəşəm zəfər günündə bu əlamətdar hadisəylə bağlı xalqa səslənişi necə də qürurvericidir: “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ Azərbaycandır! Mən bu gün eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün. Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!” Bu zəfər nidalı möhtəşəm cümlələr Azərbaycan xalqının yaddaşında əbədiləşərək müqəddəsləşdi.

Bu gün Pənahəli xandan miras qalan əzəmətli Şuşa qalasında üçrəngli bayrağımız qürurla dalğalanmaqdadır. Nə xoş ki, azadlığına qovuşan füsunkar təbiətli Şuşamız hal-hazırda özünübərpa dövrünü yaşayır. 2021-ci ilin yanvarında Prezident İlham Əliyevin Şuşaya səfəri zamanı Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün güllələnmiş heykəllərini doğma Vətənə qovuşdurması tarixi, əlamətdar hadisəyə çevrilmişdir. Həmçinin Molla Pənah Vaqifin məqbərə kompleksinin bərpası, dahi Üzeyir Hacıbəylinin heykəlinin açılış mərasimi, Vaqif poeziya günlərinə start verilməsi də Şuşanın ictimai həyatında qürur doğurucu, mühüm hadisə kimi yadda qalmışdır. Bu gün də bu əfsanəvi, qədim şəhərdə bərpa- quruculuq işləri böyük şövqlə davam etdirilir. Məscidlər təmir olunur, suyu qurumuş çeşmələr yenidən qaynayır.

Onu da qeyd edək ki, işğaldan öncə Şuşada 1989-cu ildən 1991-ci ilə qədər “Xarı Bülbül” musiqi festivalı keçirilirdi. Festival 30 ildən sonra 2021-ci il may ayının 12-də Şuşada Cıdır düzündə yenidən baş tutdu.

2021-ci il mayın 7-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtının elan edilməsi haqqında sərəncam imzalamışdır. O cümlədən 2023-cü ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY tərəfindən Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı elan edilib.

2023-cü ilin sentyabrında qüdrətli ordumuzun Qarabağda uğurla həyata keçirdiyi lokal xarakterli antiterror hərbi əməliyyatları nəticəsində Qarabağımız bütünlüklə azadlığına qovuşdu. Azərbaycan xalqının müzəffər, qalib Ali Baş Komandanı İlham Əliyev üçrəngli, şanlı bayrağımızı Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə ucaltdı.

Nə xoş ki, bu gün biz qalib xalqın nümayəndəsi sayılmaqla yanaşı, özünübərpa və qayıdış dövrünə qədəm qoyan müqəddəs Qarabağımızın bütövlük sevincini hədsiz, hüdudsuz, qürur dolu, coşqulu hisslərlə yaşayırıq. Bu sərhədsiz sevinci ilk növbədə bizə yaşadan QALİB XALQIN MÜZƏFFƏR LİDERİ, Ali Baş Komandanımız İlham Əliyevə minnətdarlıq hisslərimiz sonsuzdur!

Bu möhtəşəm, parlaq qələbəni bizə bəxş edən igid Qazilərimizə Tanrı yar və yardımçı olsun!

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəman Şəhidlərimizin hər birinin ruhuna isə Tanrı duaçı olsun!

Sevinc ƏDALƏTQIZI

Qeyd: Məqalə “2023-cü il-Heydər Əliyev ili” çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistan mətbuatı, ictimaiyyəti arasında Azərbaycan, habelə Özbəkistanla tarixi dostluq və əməkdaşlığa dair elan edilmiş “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı” nominasiyası üzrə müsabiqəyə təqdim olunur.


metbuat.az.