15 noy 2023 14:32
AMEA Nəsimi adına Dilçilik İnstitutunda Toponimika şöbəsinin təşkilatçılığı ilə “Şuşa toponimlərinin türk mənşəyi Azərbaycan reallığında” mövzusunda elmi sessiya keçirilib.
Metbuat.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şuşanın yaranma tarixi, mədəniyyəti, dünya səyyahlarının, tarixçi alimlərinin Şuşa haqqında fikirlərini təqdim edib.
Nadir Məmmədli 28 ildən artıq işğal altında qalmış və müzəffər Ordumuz tərəfindən 2020-ci il noyabrın 8-də azad edilmiş qədim Şuşa şəhərinin mədəni, mənəvi və strateji cəhətdən təkcə Qarabağ üçün deyil, bütün Azərbaycan üçün önəmli olduğunu bildirib.
Professor vurğulayıb ki, Şuşa şəhərinin inzibati-ərazi bölgüsünə daxil olan türk mənşəəli toponimlər daha qədimdir. Bu toponimlərin tədqiqinin elmi əhəmiyyəti ilə yanaşı həm də siyasi əhəmiyyəti vardır.
Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov ”Şuşa şəhərində Qurdlar məhəlləsi”, filologiya elmləri doktoru Tünzalə Baxşıyeva “Şuşa şəhər inzibati ərazisində toponimlər”, doktorant Ayşən İsmayıllı “Qarabağın Şuşa şəhərinin mikrotoponimləri” mövzusunda məruzələrlə çıxış ediblər.
Bildirilib ki, Şuşada 17 məhəllə ( Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə) olmuşdur. Hər bir məhəllənin özünəməxsus məscidi, hamamı, bulağı olmuşdur. Şuşanı dillər əzbəri edən həm də Cıdır düzüdür.
Şuşa şəhərinin inzibati-ərazi bölgüsünə daxil olan toponimlər leksik-semantik xüsusiyyətlərinə görə maraq doğurur. Bu adlar türk təfəkkürünə xas olan şəkildə yaranmış və Azərbaycan toponimik sisteminin tərkib hissəsi kimi tarixi inkişaf yolu keçmişdir. Yaşayış məntəqə adları müxtəlif söz qrupları əsasında formalaşmışdır: şəxs adları, etnonimlər, bitki və heyvan adları, obyektin coğrafi quruluşu və s bildirən leksik vahidlər və s.
Professor İlhami Cəfərsoy qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsi Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətinin, tarixinin, təbiətinin tanıdılması, təbliğ edilməsi və yetişməkdə olan gənc nəslə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.