METBUAT.AZ

Sağlamlıq

Transplantasiya əməliyyatlarına tətbiq edilən limitin səbəbləri

29 Noyabr 2023 17:22

Transplantasiya əməliyyatlarına tətbiq edilən say limitləri müvafiq tibbi xidmətləri icra edən həkim-mütəxəssislərin və tibb müəssisələrinin sayının, o cümlədən maddi-texniki bazanın məhdud olması ilə əlaqədardır.

Metbuat.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, bundan başqa, qeyd olunan xidmətlərin tariflərinin yüksək olması və mövcud tələbin qeyri-müəyyən olması səbəbindən ilk ildə limitsiz təminat verilməsi sığorta ödənişlərinin məbləğinin proqnozlaşdırılmasını məhdudlaşdırır:

"Bu da öz növbəsində icbari tibbi sığorta fondunun ödəmə qabiliyyətində ciddi risk yaradır. Qeyd olunanlar nəzərə alınaraq sadalanan xidmətlərdə mövcud limitlər tətbiq edilib".

Bildirilib ki, bundan əvvəl koxlear implantasiya və oynaqdaxili endoprotezləşdirmə əməliyyatlarına da limitlər tətbiq olunurdu:

"Çünki sözügedən əməliyyatlar yalnız özəl tibb müəssisəslərində aparılırdı. Lakin bu ildən başlayaraq bu əməliyyatlar müqaviləli tibb müəssisələri ilə yanaşı, TƏBİB-in nəzdindəki Kliniki Tibbi Mərkəz, Respublika Kliniki Xəstəxanası və Yeni Klinikada icra olunmağa başlanıb. Artıq koxlear implantasiya və oynaqdaxili endoprotezləşdirmə əməliyyatlarına tətbiq edilən limitlər ləğv olunub".

Xatırladaq ki, 2023-cü ilin avqust ayında icbari tibbi sığortanın 2550 sayda Xidmətlər Zərfinə 775 sayda tibbi xidmət artırılaraq 3315-ə çatdırılıb. Təminata alınmış yeni xidmətlər sırasına vətər, əzələ köçürülməsi, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları da əlavə olunub. Xidmətlər Zərfində əməliyyatlar sırasında yalnız qaraciyər, böyrək və sümük iliyi transplantasiyası üzrə illik limit tətbiq olunub. Limit sayı müvafiq olaraq 100, 150 və 20 müəyyən edilib. Bu transplantasiya əməliyyatları zamanı resipiyentin (donoru qəbul edən şəxs) dərman təchizatı Xidmətlər Zərfi ilə təminata alınıb. Transplantasiya üçün bir canlı donorun əməliyyata hazırlanması və əməliyyatı tibbi xidmətin tarifinə daxildir.


metbuat.az.