15 noy 2023 13:10
Böyük Britaniyanın “The Telegraph” qəzeti Rusiya-Ukrayna müharibəsinin dayanması ilə bağlı məqalə dərc edib.
Metbuat.az-ın məlumatına görə, qəzet yazır ki, Qərb müharibənin dayandırılması naminə Ukraynanı ərazi güzəştinə getməyə məcbur edə bilər.
Uzun müddətdir, Qərb mediasında sülh danışıqları üçün Ukraynaya təzyiq göstərən mesajlar verilməyə başlanılıb. Hətta Kiyevdə bir çoxu, o cümlədən Prezident Volodimir Zelenski münaqişənin dondurulmasından və Ukraynaya beynəlxalq ictimaiyyətin diqqətinin azalmasından narahat olmağa başlayıblar. Son bir neçə ay ərzində Ukraynanın itirdiyi ərazilərinin kiçik bir hissəsini azad etdiyini xatırladan “The Telegraph” vurğulayır ki, artıq Vaşinqton Konqresin Ukraynaya daha çox pul verməkdən imtina edir.
Bu barədə Metbuat.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirdi ki, Ukraynanın ərazi güzəştə gedəcəyi inandırıcı görünmür.
“Hazırda təqribən 230 Qərb şirkəti Ukraynada silah zavodunun tikintisini həyata keçirir. İkinci məqam odur ki, Böyük Britaniya tərəfi bir neçə gün öncə açıqlama verdi ki, biz artıq 30000 ukraynalı hərbçini komando formasında yeddi həftə öncə hərbi təlimlərdən keçirib döyüş üçün hazırlamışıq. Digər tərəfdən Qərb Ukraynaya “F-16”-lar, ağır artilleriya qurğuları, Avropada istehsal olunan ən müasir silahlar verir. Müharibənin dayandırılması İngiltərənin Ukraynaya təzyiqinə səbəb ola bilər.
Digər bir məqam da odur ki, Ukraynın ərazi güzəştinə razılaşması həmin ərazilərin Rusiyanın tərkibində qalmasına razı olmaq deməkdir. Bu da Rusiyanın Qərb üzərində qələbəsi sayılacaq”.
Kremlin Qərb üzərində qələbəsinin NATO daxilində parçalanmalara səbəb olacağını diqqətə çatdıran politoloq hesab edir ki, hadisələri nəticəsində Avropanın təhlükəsizliyi məsələsi sual altına düşə bilər:
“Digər tərəfdən Rusiya Ukrayna ilə kifayətlənməyib, növbəti hədəfi Baltikyanı ölkələr, Polşa və Moldovaya doğru ola bilər. Hesab edirəm ki, bu cür informasiyalara o qədər də real yanaşılmamalıdır. Qərb mediasında yayılan bu məlumatları ictimai fikrin yoxlanması, manipulyativ informasiya kimi də dəyərləndirə bilərik”.
Siyasi şərhçi Kənan Novruzovun isə bu məsələdə siyasi proqnozu bir qədəf fərqlidir. Ekspert Metbuat.az-a bildirdi ki, müharibənin ilk günlərində bu ssenari o qədər ağlabatan görünməsə də, indi hadisələr bu istiqamətə doğru gedir:
“Artıq Qərbin Ukraynaya dəstəklə bağlı tərəddüdləri yaranmaqdadır. Bu yaxınlarda Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov silah, sursat çatışmazlığı ilə bağlı Qərbi tənqid etmişdi. O demişdi ki, bu formada yanaşma xəstə beyinin məhsuludur. Əgər rəsmi Kiyev belə bəyanatla çıxış edirsə, deməli artıq onlar da hiss edirlər ki, Qərb Ukraynanı yarı yolda qoymağa hazırlaşır. Qərb bunu Yaxın Şərqdəki vəziyyətlə əlaqələndirsə də, məsələnin buna aidiyyatı yoxdur. Əgər ABŞ-ni Ukraynanın taleyi düşündürürsə, o zaman Vaşinqtonun Kiyevin məhvinə qarşı heç bir bəraəti olmamalı və Ukraynanı sona qədər dəstəkləməlidir.
Ukraynadakı müharibənin başlamasının ən böyük səbəbkar NATO olub. Qərb geri çəkilərsə və buna əsas kimi Yaxın Şərqdəki vəziyyəti göstərərsə, deməli, öz planını ifşa edəcək”.
Bu müharibədə Qərbi düşündürən geosiyasi maraqlar olduğunu qeyd edən Kənan Novruzov dedi ki, regionla bağlı bu maraqlar təmin olunandan sonra Qərb Ukraynaya dəstəyi dayandıracaqdır:
“Bu dəqiqə Qərb Ukraynanın qələbə qazanmağını istəmir. Qərb Ukraynanın sadəcə müqavimət göstərməyini, sağ qalmağını istəyir. Burada tək məqsəd müharibənin uzanmağı və Rusiyanın idarə olunan hala gəlməsi idi. Şübhəsiz, Qərbin Rusiya ilə işi bitəndən sonra Ukraynanı yarı yolda qoyacaq”.
Gülbəniz Hüseynli / Metbuat.az