24 Noyabr 2023 11:08
Azərbaycanın qənnadı istehsalçılarından “Ulduz” Şokolad Fabriki ötən il 5 min ton qənnadı məhsulunu xarici bazara satıb. Bu, müəssisənin indiyədək ixrac etdiyi ən böyük həcm olub və Azərbaycanda konfet sahəsində böyük eksportdur.
Ölkəmizdə satılan qənnadı məmulatlarının 60 faizi bu müəssisənin istehsal payına düşür. İstehsal həcmini və çeşidlərini ilbəil artıran fabrik idxalı əvəzləməklə ölkə iqtisadiyyatının inkişafını dəstəkləyir və əhalini daha əlçatan qiymətlərə olan məhsullarla təmin edir. Tamamilə yeni texnoloji avadanlıqlardan ibarət “Ulduz” Şokolad Fabriki öz brendlərini yaratmaqla, idxal məhsullarla keyfiyyətdə də yüksək rəqabətə girib. İstehsal həcmi, rəqabətqabiliyyətli brendləşmiş məhsullar müəssisəyə ixrac potensialını artırmaq imkanı verir.
“Yerli və xarici bazarlardakı fəaliyyətimizin əsas məqsədi iqtisadiyyatımızın dayanıqlığına töhfə vermək və “Made in Azerbaijan” brendini tanıtmaqdır. 2022-ci ildə ümumilikdə 5 min ton qənnadı məhsulunu xarici bazara ixrac etmişik. İxrac etdiyimiz ölkələr, böyük faizlə, ərəb ölkələri, Çin və Rusiya olub”, - deyə şirkətdən məlumat verilib.
Müəssisə qida təhlükəsizliyi standartı üzrə BRC sertifikatının "A+" dərəcəsinə sahibdir. Britaniya Pərakəndəçilər Konsorsiumu tərəfindən yaradılan BRC qlobal sertifikatı qida istehsalı müəssisələrində gigiyena, sağlamlıq, təhlükəsizliyi təmin etmək məqsədilə qida əsaslı yarana biləcək risklərin, təhlükələrin aradan qaldırılması üçün şərtləri özündə birləşdirən yüksək səviyyəli standartdır.
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Ulduz” Şokolad Fabriki bazara 80-ə yaxın adda şokolad məhsulları təqdim edir.