METBUAT.AZ

Dünya

Yəhudi ailəsində doğuldu, ABŞ-da nazir oldu, Vyetnam müharibəsini bitirdi:

30 Noyabr 2023 11:02

Dünyanın və Amerika diplomatiyasının ən mübahisəli şəxsi olan Henri Kissincer 100 yaşında vəfat edib.

1960-70-ci illərdə ABŞ-nin xarici siyasətinə rəhbərlik edən Kissincer intellektuallığı, natiqlik qabiliyyəti ilə Vyetnam müharibəsini bitirməyə nail olmuşdur. O ABŞ-nın soyuq müharibə düşmənləri olan Çin və Sovet İttifaqı ilə münasibətləri yumşaldıb. ABŞ-nin ən tanınmış xarici işlər nazirlərindən biri olan Kissinceri tənqid edənlər də, təqdir edənlər də onun beynəlxalq siyasətdə memar kimi tanıyırdılar.

Metbuat.az onun haqqında olan məlumatı təqdim edir:


Heinz Alfred Kissinger 27 may 1923-cü ildə Almaniyada yəhudi ailəsində anadan olub. Ailəsi 1938-ci ildə nasistlərdən qaçaraq ABŞ-da məskunlaşıb. Kissincer 1943-cü ildə Amerika vətəndaşı oldu. O, İkinci Dünya müharibəsi zamanı orduda xidmət edib, Harvardda təhsil alıb və akademik olub.

Kissinger 1969-cu ildə ABŞ-nin o zamankı prezidenti Riçard Niksonun milli təhlükəsizlik üzrə müşaviri vəzifəsinə keçib. Xarici siyasətdə Kissincer milli maraqlara əsaslanan praqmatik yolla gedib. 1972-ci ildə Niksonun Çin və Sovet İttifaqına tarixi səfərlərini təşkil edən Kissincer bu səfərlərində ABŞ-nin kommunist qüvvələrlə gərginliyi azaltmaq məqsədi daşıyan yumşalma siyasətində ilk addımlar atdı.

Henri Kissincer 1973-cü ildə Xarici İşlər Naziri oldu. O tarixə ABŞ sərhədlərində doğulmayan ilk xarici işlər naziri kimi düşdü. 1973-cü ildə Vyetnam müharibəsini bitirmək üçün apardığı danışıqlara görə Nobel Sülh Mükafatına layiq görülən diplomat 1973-cü ildə İsraillə Misir arasında münaqişə baş verən zaman iki dövlət arasında sülh sazişinin bağlanmasına nail olub.

Kisincer 1977-ci ildə dövlət katibi kimi səlahiyyət müddəti başa çatdıqdan sonra Corctaun Universitetində akademik təhsilini davam etdirdi. 1985-ci ildə yenidən dövlət vəzifəsinə keçdi. O, prezident Ronald Reyqanın hakimiyyəti dövründə xarici kəşfiyyatın məsləhət şurasında öncüllərdən idi. Mübarizəli karyerasına baxmayaraq, Henri Kissincer Amerikanın xarici siyasətini kökündən dəyişdirən şəxs kimi adını tarixə yazdırdı.

Henri Kissincer, Lourens İqlberger və Brent Skoukroftun respublikaçı Prezident Corc Buşa əhəmiyyətli təsiri səbəbindən ABŞ-nin Azərbaycana birbaşa hərbi yardımını qadağan edən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş 2002-ci ilin yanvarında dayandırılıb. Onun təsis etdiyi məsləhət firması "Kissinger Associates" ABŞ administrasiyaları ilə sıx əməkdaşlıq edirdi.

Kissinger bir çox şirkətin idarə heyətində də çalışıb və 22 kitab yazıb. Diplomat may ayında 100 yaşı tamam olsa da, aktiv həyatı ilə diqqət çəkib. O, iyul ayında Pekinə gedib və Çin prezidenti Si Cinpinlə görüşüb.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.