METBUAT.AZ

Ölkə

12 yaşında nişanlanan qızın anası da 14 yaşda ərə verilib -

29 Dekabr 2023 14:14

"Qızım 2011-ci idə doğulub. Məktəbi oxuyub qurtarmadığı müddətcə toy olmayacaq. Oğlan evi ilə belə razılaşmışıq".

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Sabirabad rayonu Məmişli kəndində 12 yaşlı qızını 20 yaş böyük oğlana nişanlayan ata Mübariz Quliyev deyib.

O bildirib ki, oğlanın anası gəlib 12 yaşlı qızını övladına istədiyini deyib:

"Biz qohum deyilik, amma ailəlikcə gediş-gəlişimiz var. Mənim üç oğlum, bir qızım var. Anası dedi ki, sizin ailəni tanıyıram, istəyirəm oğlum sənin qızın ilə evlənsin. Mən də demişəm ki, qızımın yaşı azdır, məktəbdə oxuyur. O, məktəbi bitirməyincə heç kimə qızımı vermirəm. Oğlan evi də dedi ki, 5 il, 10 il - nə qədər desəniz, gözləyəcəyik. Əsas odur ki, ad eləyək, rayon yeridir, bilək ki, qız bizimdir. İzahatımda da yazmışam, uşaq məktəbdən qalmayacaq. Dərslərindən də qalmayacaq. Oğlan evi ilə danışanda demişəm ki, qızım həkim olmaq istəyir. Mənim o qədər imkanım yoxdur ki, ona ayrıca müəllim tutub hazırlaşdırım. Amma oğlanın anası da dedi ki, oxumaq istəsə, biz də kömək edərik universitet də oxuyar. Bizim iki ailə arasında sözümüz belə olub".

M.Quliyev deyir ki, televiziyalarda gedən süjetdə bəzi məlumatlar yanlış çatdırılıb:

"Orada jurnalist xanım deyib ki, guya mənim yoldaşım anamı və qardaşımı həyətimizdən qovub, münasibətlərimiz yaxşı deyil. Amma belə bir şey yoxdur. Anam da, qardaşım da bu söhbətlərdə olublar, xeyir-dua da veriblər. Oğlanın ailəsi də milyoner deyil, bizim kimi sadə ailədir. Oğlan da təhsil almayıb, əkinçiliklə məşğul olur. Qızım məktəbi bitirdikdən sonra Sabirabadın Kovlar kəndinə gəlin köçəcək. Amma yenə deyirəm, izahatlarımda da var, qızım məktəbi bitirməyənə qədər toy olmayacaq".

Məlumata görə, Mübariz Quliyev öz həyat yoldaşı ilə də erkən nikaha girib. Belə ki, onlar evlənəndə hazırkı həyat yoldaşının 14, M.Quliyevin isə 28 yaşı olub. Hazırda M.Quliyevin 46, həyat yoldaşının isə 32 yaşı var. Onların üç uşağı var, böyük oğlu 17 yaşındadır.


metbuat.az.